Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradovla görüşüb. Müdafiə Nazirliyindən verilən xəbərə görə, sonra general-leytenant Muradov Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokovu Müdafiə nazirinə təqdim edib. Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib. Maraqlıdır ki, Rüstəm Muradovun geri çağırılması və onun yerinə yeni generalın təyin olunması ilə bağlı xəbəri ilk olaraq Rusiya deyil, Ermənistan rəsmi dairələri yayıb. Bildirilib ki, sülhməramlıların köhnə və yeni rəhbərləri Ermənistanın müdafiə naziri ilə vidalaşıb və xeyir-dua alıblar. Onların bu addımı Azərbaycanda ciddi tənqid edildi. Yalnız bundan sonra Rüstəm Muradov Kosobokovu da “qoltuğuna vurub”, Bakıda qəbula gətirdi. Rüsiya sülhməramlılarının bu addımını necə dəyərləndirmək olar?
"Yeni rəhbərin imici, sülhməramlıdan daha çox, işğalçı kimi təqdim edilir..."
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya sülhməramlıları Azərbaycan ərazisində fəaliyyət göstərirsə, onların bütün fəaliyyəti bizimlə məsləhətləşilməlidir: “Çünki onlar müəyyən müddətə bizim icazəmizlə bu missiya üçün ərazi hüdudlarımıza buraxılıblar. Ancaq biz gördük ki, sülhməramlıların həm vəzifədən gedən, həm də yeni təyin olunan rəhbəri ilk olaraq İrəvana getdi və oradakı rəsmi dairələrlə görüş keçirdi. Ötən həftə sonu Ermənistan Müdafiə Nazirliyi elan etdi ki, Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradov öz missiyasını başa vurur. Və xəbər verilmişdi ki, müdafiə naziri Arşak Karapetyan missiyasını başa vurması ilə əlaqədar Rüstəm Muradovu qəbul edib. Lakin Rusiya Müdafiə Nazirliyi bu haqda heç bir şərhlə və ya məlumatla çıxış etmədi. Daha sonra Ermənistan Müdafiə Nazirliyindəki mənbələrə istinadən Rüstəm Muradovu Rusiyanın Abxaziyadakı hərbi bazasının komandiri olmuş general Mixail Kosobokovun əvəz edəcəyi haqda məlumat yayıldı. Yenə də Rusiya Müdafiə Nazirliyinin bununla bağlı hər hansı şərhinə rast gəlinmədi. Azərbaycandakı tənqidlərdən sonra hər iki generalın Bakıya gəldiyi və bizim Müdafiə nazirimizlə görüşdüyü bildirilir. Yəqin ki, lazımi iradlar onlara bildirilib. Yeni rəhbərin isə imici, sülhməramlıdan daha çox, işğalçı kimi təqdim edilir. Çünki uzun müddət Gürcüstana aid Abxaziyadakı Rusiya hərbçilərinə rəhbərlik edib. Yaxşı olardı ki, bizim rəsmi dairələr bununla bağlı lazımi iradlarını onların diqqətinə çatdırsınlar. Ancaq mən sülhməramlılardan heç bir normal fəaliyyət gözləmirəm. Ən azından, yeni general təyinatı bundan xəbər verir”.
Məhəmmədəli QƏRİBLİ