Ermənistan parlamenti Qarabağla bağlı daimi komissiya yaratmaqdan imtina edib. “Sputnik Armeniya” xəbər verir ki, məsələ qanunverici orqanın Dövlət-hüquq məsələləri komissiyasında müzakirə olunub. Belə bir komissiyanın yaradılmasının lehinə cəmi 4 deputat səs verib. Beləliklə, qərar layihəsi qəbul edilməyib.
Qeyd edilənə görə, bu təşəbbüslə müxalif “Hayastan” fraksiyası çıxış edibmiş.
Ermənistan parlamentinin deputatları artıq reallıqla barışdığı üçün Qarabağla bağlı daimi komissiya yaratmaqdan imtina ediblər, yoxsa burada başqa amillər ola bilər? Bu imtinanın səbəbini nə ilə izah etmək olar?
“Onların da çoxu reallığı dərk edirlər ki, qərar layihəsinə cəmi dörd nəfər deputat səs verib”
Tanınmış siyasi ekspert Rövşən Rəsulov baki-xeber.com-a bildirdi ki, Ermənistan parlamentində fəaliyyət göstərən deputatların əsas hissəsi fraksiyalar şəklində hakimiyyətyönlü mövqe tutur. “Daha dəqq desək, bu gün ölkənin ali qanunverici orqanı əsasən iki hissəyə bölünüb – Qarabağ klanının təmsilçilərinə və Ermənistan klanına. Bu isə o deməkdir ki, kimlərin azlıqda, ya da çoxluqda qalmalarına baxmayaraq, parlamentdə köklü fikir ayrılıqları get-gedə daha da dərinləşəcək. Bu baxımdan, Paşinyan hökumətinin nəzarətində olan dövlət-hüquq məsələləri komissiyasının sözdə qurama “artsax” ifadəsinin işlədilməməsi, həmçinin, Qarabağla bağlı daimi komissiyanın yaradılmaması məsələsinə birdəfəlik son qoymasını anlamaq çətinlik yaratmır. Hökumət bir tərəfdən Qarabağ klanının öz maraqları üçün parlamentdəki fəaliyyətlərinin qarşısına sədd qoyur, digər tərəfdən isə dolayısı ilə məhz bu siqnalları verir: daha “artsax” məsələsi bitdi, Qarabağ Ermənistana deyil, Azərbaycana məxsusdur, üstəlik sərhədlərin delimitasiyası prosesindən sonra bu məsələ ümumiyyətlə qapadılacaq”.
R.Rəsulovun sözlərinə görə, o da sirr deyil ki, Ermənistan parlamentindəki Qarabağ klanına aid olan azlıqlar məhz bu ad altında öz siyasi, şəxsi və s. maraqlarının təminatından sui-istifadə edirdilər: “Lakin bundan sonra həmin maraqlar da sual altında qalacaq. Baxın, həmin təklifi “Hayastan” blokundan olan fraksiyaçılar irəli sürmüşdü. Kimlərdir onlar? Əvvəlki hakimiyyətlərin tərəfdarları və təmsilçiləri. Hətta onların da çoxu reallığı dərk edir ki, qərar layihəsinə cəmi dörd nəfər deputat səs verib. Beləliklə, hansı nəticəyə gələ bilərik?
Baş nazir Nikol Paşinyan əsl gerçəyi anlayaraq, Qarabağda və Ermənistanla delimitasiya olunmamış sərhəd zolaqlarındakı təxribatlara son qoymağa çalışır. Bunun qarşılığında sülh müqaviləsinin imzalanması prosesinə yaxın olduğunu sərgiləyir, Türkiyə və Azərbaycanla iqtisadi əlaqələrin qurulması yönündə planlarını qurur, dəhliz məsələsində geri çəkilir və ən əsası, onun bugünlərdə Gürcüstana səfərini də analiz edərsək, belə qənaətə gəlmək olar ki, Paşinyan regional səviyyədə qarşılıqlı təmaslara hazır olması siqnallarını verir. Bütün bunlar üçün isə ölkəsində baş qaldırmağa başlayan qisasçı siyasi güclərin ağzını bağlamaq, əllərində olan bütün imkanların qarşısını kəsmək, Ermənistandakı müharibədən sonrakı məğlubiyyət ab-havasını unutdurmaq və yeni imkanlara doğru yürümək gərəkir”.
İradə SARIYEVA