Separatçıların qondarma “xarici işlər naziri” David Babayandan növbəti etiraf gəlib: “Ya çoxsaylı insan tələfatı ilə nəticələnəcək müharibə olacaq, ya da ermənilər Qarabağı tərk edəcək”.
Birinci ehtimal real deyil. Ən azı ona görə ki, bu mümkünsüzdür. Çünki İkinci Qarabağ müharibəsində Ermənistan ordusu darmadağın edilib. Separatçıların hazırda yerləşdikləri ərazi tam mühasirədədir. Bütün əlverişli strateji əhəmiyyətli yüksəkliklərə ordumuz nəzarət edir. Ona görə də Babayanın açıqlaması əslində ermənilərin Qarabağı tərk etməsinin sürətlənməsinin, orada qalmağın perspektivsizliyinin etirafıdır.
Yeri gəlmişkən onu da qeyd edək ki, bu, Babayanın birinci etirafı deyil. O bundan əvvəl də ermənilərin Qarabağda qalmaq istəmədiyini açıq şəkildə etiraf edib: “Burada yaşamağa davam etməliyik, Qarabağda həyat sadəcə yaşamaq deyil, xüsusi bir missiyadır. Ona görə buna davam etməliyik. Ancaq bu cəhdlər nəticə vermir”.
Qondarma “nazir” ondan əvvəl “Komsomolskaya Pravda” qəzetinə də müsahibəsində əhalinin köçünün başlandığını etiraf edib. Babayanın növbəti etirafı bu sahədə vəziyyətin son dərəcə kritik olmasını bir daha sübut edir.
“Bunlar o qədər cinayətlər ediblər ki, yalnız radikal şüarlarla erməniləri orada saxlamağa çalışırlar”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, separatçı təmsilçilərin bu cür açıqlamalarla çıxış etməsi bir sıra məsələlərdən xəbər verir: “Bu onu göstərir ki, oradakı ermənilər separatçıların nəzarəti altında yaşamağın prespektivsiz olduğunu dərk edirlər. Ona görə də çıxış yolunu miqrasiya etməkdə görürlər. Digər tərəfdən bu onu göstərir ki, erməni separatçıların Qarabağla bağlı illərlə həyata keçirdikləri kampaniya iflasa uğrayıb. Bunlar o qədər cinayətlər törədiblər ki, indi bunun cəzasını çəkirlər. Azərbaycan xoş məram nümayiş etdirərək bəyan edir ki, Azərbaycan vətəndaşı olan ermənilər qalıb yaşaya bilərlər. Bütün ölkənin konstision hüquqlarından istifadə edə bilərlər. Ancaq bunlar ehtiyat edirlər. Niyə? Ona görə ki, xain xoflu olar. Bunlar o qədər cinayətlər ediblər ki, yalnız radikal şüarlarla erməniləri orada saxlamağa çalışırlar. Ancaq normal düşünən ermənilər mövcud reallıqların fərqindədir. Görürlər ki, bunların rəhbərləri xəstə təxəyyülə malikdir. Sonuncu müharibədə 5 mindən çox erməni əsgəri məhv edildi, 11 min nəfər yaralandı. Bu, Ermənistan kimi əhalisi az və demoqrafiq göstəriciləri pis olan ölkə üçün böyük rəqəmdir. Ona görə də ayağı yer tutan Ermənistana, ordan da Rusiya və digər ölkələrə gedəcək. Vəziyyət nisbətən ümidverici olsaydı, o zaman separatçı Babayan belə bədbin açıqlama verməzdi. Görünür, bu sahədə durum daha kritik vəziyyətdədir. O üzdən belə həyəcan təbili çalır”.
Professor onu da qeyd etdi ki, rus sülhməramlılarının Qarabağda mövcud olması da erməni köçünü önləyə bilmir.
Vidadi ORDAHALLI