Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib ki, Rusiyanın bizim ərazimizdə olan hərbi kontingenti separatçı rejimə himayədarlıq edir, bu azmış kimi, Ermənistan dövlətinə aid müəyyən hərbi birləşmələrin tör-töküntülərinin Azərbaycan ərazisində qalmasına şərait yaradır.
Onun sözlərinə görə, deyirdilər ki, sülhməramlıların sayı 1960 nəfər olacaq, ancaq onların böyür-başında bu müddət ərzində xidmət personalı, Rusiyanın başqa nazirliklərinin - Rusiya Səhiyyə Nazirliyinin, Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin 7-8 min əməkdaşı gəlib oraya yığışıb: “Axı bu, razılaşmada əks olunmamışdı, siz nə etmək fikrindəsiniz? Bu suala cavab vermək lazımdır”. Bu rəqəmlər realdırsa, Bakı Moskvaya hansı tələbi irəli sürməlidir?
Elşad Musayev: “Doğrudan da Rusiya Qarabağa razılaşdırılmış saydan artıq əsgər gətiribsə, rəsmi qurumlarımız dərhal etiraz etməli və əlavə rus əsgərlərinin çıxarılmasını tələb etməlidir”
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, razılaşmaya görə, Qarabağda 1960 nəfər Rusiya əsgəri sülhməramlı kimi yerləşməlidir: “Zaman-zaman rus əsgərlərinin daha çox sayda ərazilərimizdə yerləşdirilməsi barədə fikirlər səsləndirilib. Amma bunun nə qədər həqiqətə uyğun olması barədə rəsmi qurumlarımızdan heç bir reaksiya gəlməyib. Hansısa deputat deyirsə ki, Rusiya razılaşdırılandan dəfələrlə çox əsgərlə təmsil olunur, o həm də əlavə gətirilən rus əsgərlərinin geri göndərilməsini tələb etməlidir. Doğrudan da əgər Rusiya Qarabağa razılaşdırılmış saydan artıq əsgər gətiribsə, rəsmi qurumlarımız dərhal etiraz etməli və əlavə rus əsgərlərinin çıxarılmasını tələb etməlidir”.
Partiya sədri hesab edir ki, Rusiya bunu təkzib etsə də, Azərbaycanın əlində məlumatı dəqiqləşdirmək üçün kifayət qədər texniki imkanlar var: “Belə hal təsdiqini taparsa, Rusiya dərhal artıq qüvvələrini ərazidən çıxarmalıdır. Çünki bu, əldə olunan razılaşmanın pozulması anlamına gəlir”.
İbrahim Rüstəmli: “Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin sənəddə göstəriləndən artıq olması imzalanmış üçtərəfli müqavilənin şərtlərinin pozulması deməkdir”
Hərbi-siyasi ekspert İbrahim Rüstəmli isə hesab edir ki, sülhməramlıların sayı süni şəkildə artırılırsa, onu müqavilədə nəzərdə tutulan səviyyəyə salmağın yolu prosesə Azərbaycan rəhbərliyi və Xarici İşlər Nazirliyinin müdaxiləsindən keçir: "Azərbaycan rəhbərliyi və Xarici İşlər Nazirliyi səviyyəsində prosesə etiraz edilməlidir. Azərbayanın Xarici İşlər Nazirliyi rəhbərlik səviyyəsində açıq kontekstdə bəyanatla çıxış etməli, Rusiyaya nota verməlidir. Baş vermiş olaya etiraz səslərimizi ucaltmalıyıq. Qarabağ Azərbaycanın tərkib hissəsidir. Onun razılığı olmadan orada yerləşən sülhməramlıların sayı qanunsuz olaraq artırılmamalıdır. Belə olan halda, Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin sənəddə göstəriləndən artıq olması imzalanmış üçtərəfli müqavilənin şərtlərinin pozulması deməkdir. Bu onu göstərir ki, Rusiya prosesdə obyektiv tərəf qismində çıxış etmir”.
Məhəmmədəli QƏRİBLİ