Məlum olduğu kimi, “Human Rights Watch” II Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərindən bəhs edən hesabat yayımlayıb.
Qeyd edilib ki, döyüşlər zamanı və sonrasında “Human Rights Watch” tədqiqatçıları silahlı qüvvələrin mülki əhalini hücumdan qorumaq üçün beynəlxalq müharibə qanunları çərçivəsində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirib-yetirmədiklərini öyrənmək üçün araşdırmalar aparıblar. Təşkilatın yaydığı hesabat Ermənistanın müharubə cinayətlərini kəskin şəkildə ifşa edir.
Ekspertlər deyir ki, həmişə Azərbaycana qarşı qərəzli mövqe tutan “Human Rights Watch” təşkilatının bu dəfə sərgilədiyi mövqe tam olaraq obyektivliyə söykənir.
“Bu həm də onun göstəricisidir ki, beynəlxalq təşkilatlar prosesə obyektiv yanaşmağa və Ermənistanı ifşa edən sənədlər qəbul etməyə başlayıblar”
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, bu hesabat Ermənistanın beynəlxalq hüquq müstəvisində cəzalandırılmasına şərait yaradır: “Mən “Human Rights Watch” təşkilatının 44 günlük müharibə dövründə Ermənistanın müharibə cinayətlərini ifşa edən hesabatı ilə tanış oldum. Bu hesabatda gerçəkliklər öz əksini tapıb. Müharibə dövründə Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı etdiyi cinayətləri əks etdirən hesabatda Tərtərdə, Gəncədə və başqa yerlərdə dinc əhalimizə, uşaqlarımıza yönələn terror aktlarından danışılır. Sənəddə 44 günlük müharibə zamanı Ermənistan tərəfindən törədilən müharibə cinayətləri düzgün şəkildə dəyərləndirilir. Ermənistanın Azərbaycanın dinc sakinlərinə, əhalisinə qarşı törətdiyi terror cinayətlərini təhrif etmək də mümkün olan iş deyil. Faktiki olaraq, Ermənistan bəşəriyyət, insanlıq əleyhinə bu cinayətləri azərbaycanlılara qarşı məqsədli, planlı şəkildə edib. Bunu isə heç bir beynəlxalq təşkilat ört-basdır edib gizlədə bilməz. Hər şey göz qabağındadır”.
F.Ələkbərlinin sözlərinə görə, düzdür, “Human Rights Watch” təşkilatının zaman-zaman Azərbaycanla bağlı reallığı özündə əks etdirməyən hesabatları da olub, ancaq bütün hallarda 44 günlük müharibə dönəmində baş verənlərin daha obyektiv şəkildə qiymətləndirilməsi təqdirəlayiqdir. “Bu həm də onun göstəricisidir ki, dünyanın bir sıra dövlətləri, o cümlədən də “Human Rights Watch” kimi Azərbaycanla bağlı çox zaman qeyri-obyektiv mövqe tutan beynəlxalq təşkilatlar prosesə obyektiv yanaşmağa və Ermənistanı ifşa edən sənədlər qəbul etməyə başlayıb. Bu da müsbət haldır və bizim xeyrimizədir, nəhayət ki, ədalət zəfər çalmağa başlayıb. Bu sənəd əslində müharibədə həm Ermənistanın, həm də Azərbaycanın hansı mövqe tutmasını, hansının daha çox insanlığa yaraşmayan davranışlar sərgilədiyini, humanist, yaxud qeyri-humanist hərəkətlər etdiyini ortaya qoyur, beynəlxalq aləmə təqdim edir. Dünya birliyi 44 günlük müharibə dövründə Azərbaycanın humanitar, insani davranışlarını da gördü, Ermənistanın insanlıq əleyhinə müharibə cinayətlərini də. Bu da bir daha göstərir ki, Ermənistan II Qarabağ müharibəsi dövründə beynəlxalq konvensiyalara, insan hüquqlarına zidd addımlar atdığı halda, Azərbaycan 44 günlük müharibədə düşmənlə müharibə aparıb, öz torpaqlarını işğaldan azad edib, eyni zamanda da müharibənin qayda-qanunlarına ciddi şəkildə əməl edib. Bu da bizim tarixi bir ənənəmizdir. Yəni Azərbaycan xalqı, Azərbaycan türkü müharibələrdə qeyri-insani hərəkətlərə heç zaman yol verməyib. Bu müharibə də bir daha göstərdi ki, Azərbaycan xalqı, onun əsgəri dinc əhaliyə, uşaqlara, qadınlara qarşı, bütövlükdə, insanlığa zidd heç bir addım atmayıb. Azərbaycana qarşı heç də həmişə obyektiv mövqedə olmayan “Human Rights Watch” təşkilatının Ermənistanın müharibə cinayətlərini ifşa edən hesabat yayması müsbət haldır. Bu, eyni zamanda, Azərbaycanın öz ərazilərini işğaldan azad etməkdə haqlı olduğunu, həm də müharibə dövründə humanizmdən kənara çıxmadığını bir daha ortaya qoydu”.
İradə SARIYEVA