Ermənistan bölgədə kommunikasiyaların açılması məsələsində qərarlıdır. Bu barədə Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.
Paşinyan xatırladıb ki, avqustun 24-də hökumətin 5 illik proqramını parlamentdə təqdim edərkən qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi və ya normallaşdırılmasının Ermənistan hakimiyyəti üçün ən vacib istiqamətlərindən biri olacağını bildirib: “Yenidən baş nazir vəzifəsinə seçildikdən sonra İrana səfər etdim və bu gün Gürcüstana gedirəm. İranla olduğu kimi, Gürcüstanla da müzakirə ediləcək məsələlərin gündəliyində regional kommunikasiyaların inkişafı mühüm rol oynayır. Bu kontekstdə Şimal-Cənub layihəsinə önəm verirəm”.
Daha sonra o, əsas diqqəti dəmiryolunun açılmasına yönəldib: “Rusiya və İranla dəmiryolu xəttinin qurulması bizim üçün həddən artıq vacibdir. Bu məsələnin həllindən ötrü Ermənistan-Rusiya-Azərbaycan kommunikasiyaların açılmasını üçtərəfli formatda müzakirə edir. Biz nəticələrin əldə olunmasından ötrü konkret səylər göstərməkdə qətiyyətliyik. Əlbəttə ki, Azərbaycanın da öz növbəsində qərb regionları ilə Naxçıvan arasında dəmiryolu əlaqəsi yaratmağa çalışdığını anlayırıq”.
Görünən odur ki, o, dəmiryolunun açılmasına daha çox səy göstərir. Maraqlıdır, Paşinyan Rusiya və İranla dəmiryolu əlaqəsinə niyə bu qədər can atır?
“Ermənistan rəhbərliyi bunun fərqindədir və anlayır ki, Azərbaycansız bu mümkün deyil”
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov Ermənistanın dəmiryolunun açılmasına belə çox can atmasını bir sıra amillərlə əlaqələndirdi: “Bunun başlıca səbəbi dəmiryolunun ciddi önəmindən irəli gəlir. Ermənistan rəhbərliyi bunun fərqindədir və anlayır ki, Azərbaycansız bu mümkün deyil. Ancaq sözügedən dəmiryolunun açılması üçün Zəngəzur dəhlizi açılmalıdır. Çünki Zəngəzur dəhlizi region ölkələri üçün vacibdir. Ona görə ki, onlar bu dəhlizin imkanlarından istifadə edəcəklər. Rusiya bu dəhliz vasitəsilə məhsullarını Ermənistana və Türkiyəyə ixrac etmək imkanı qazanacaq. Başqa bir tərəfdən, İran Ermənistanla həmsərhəd olsa da, dəmiryolunun çəkilməsi praktiki olaraq mümkün deyil. Ancaq Zəngəzur dəhlizi Horadizdən başlayır. Üstəlik, Rusiya və İranı birləşdirən Şimal-Cənub Nəqliyyat Dəhlizinə inteqrasiya olunub. Bu isə o deməkdir ki, Zəngəzur dəhlizi sayəsində Ermənistan bundan istifadə edə biləcək. Ona görə də kommunikasiyaların bərpası region üçün vacibdir. Bu səbəbdən Ermənistan işğalçılıq niyyətlərinə son qoymalıdır. Azərbaycanla olan sərhədləri tanımalıdır. Azərbaycan hər zaman kommumikasiyaların açılmasında maraqlıdır və öz dəstəyini əsirgəmir. Dəmiryolunun işə düşməsi regionun logistik xəritəsini dəyişəcək. Bölgə ölkələri bundan sıx şəkildə faydalana biləcəklər”.
Bu baxımdan millət vəkili hesab edir ki, dəmiryolunun açılması çox vacib əhəmiyyət kəsb edir.
Vidadi ORDAHALLI