Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin yenə ermənilərin maraqlarından çıxış edərək sərsəmləyib.
Zatulin separatçıların ictimai televiziyasına müsahibəsində Ermənistan rəhbərliyinə və Qarabağ ermənilərinə tezliklə özlərinə gəlməklərini arzuladıqlarını bildirib. O, bu istiqamətdə Rusiyanın müxtəlif addımlar atdığını, o cümlədən erməniləri silahlandırdıqlarını və buna görə Azərbaycan Prezidentinin narazı qaldığını vurğulayıb. Hətta Gorus-Qafan yolunun bağlanması ilə bağlı problemi bilavasitə Rusiyanın həll etdiyini qeyd edib.
Qarabağ ermənilərini ən çox narahat edən Rusiya sülhməramlılarının hansı müddətə Qarabağda olmasıdır. Jurnalistin bu məsələ ilə əlaqədar sualını cavablandıran Rusiya deputatı xüsusi canfəşanlıqla bölgəyə uzun müddətə gəldiklərini söyləyib: “İstəyirsiz inanın, istəyirsiz inanmayın, mən əminəm ki, Rusiya Federasiyası bölgəyə çox ciddi şəkildə və uzun müddətə gəlib. Və Rusiya Federasiyası Azərbaycana da, yəqin Türkiyəyə də izah etməyi bacarar ki, onun burada olmasını zəruri edən müharibənin yenidən başlamamasıdır”.
10 noyabr razılaşmasına görə, tərəflərdən biri etiraz edərsə Rusiya bölgəni tərk edəcək. Bu o deməkdir ki, yalnız Ermənistan və Rusiyanın razılığı ilə sülhməramlıların Qarabağda qalma müddətini uzatmaq mümkün olmayacaq. Bunun üçün mütləq Azərbaycanın razılığı olmalıdır. Belə olan halda Zatulin nəyə əsasən belə əminliklə danışır?
“Azərbaycan tərəfi imzalanan sənədlər çərçivəsində fəaliyyət göstərib, hüquqi yolla bu məsələləri həll edəcək”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Rusiya Dumasının üzvü olan qatı ermənipərəst K.Zatulin daima anti-Azərbaycan mövqeyi ilə tanınıb: “O, erməni lobbisi tərəfindən maliyyələşir və konkret olaraq onların müdafiəsini həyata keçirir. Zatulinin Qarabağda Rusiya hərbçilərinin daima qalacağını vurğulaması əsasən erməniləri sakitləşdirmək məqsədi güdür. Düzdür, Rusiya da bunu istəyir, amma bu məsələdə hər şey Kremldən asılı olmayacaq. İlk növbədə ona görə ki, 10 noyabr Birgə Bəyannaməsinə uyğun olaraq Rusiya sülhməramlıları beş il ərzində Qarabağda qala bilər. Onların burdan gedişini Azərbaycan tələb edə bilər. Çünki onlar Azərbaycan ərazisindədir. Hesab edirəm ki, Zatulin kimi şəxslərin mövqeyi heç nəyi dəyişmir və öz şəxsi maraqlarına xidmət edir. Fikrimcə, Azərbaycan tərəfi imzalanan sənədlər çərçivəsində fəaliyyət göstərib, hüquqi yolla bu məsələləri həll edəcək. Rusiya daimi deyil, müvəqqəti şəkildə Azərbaycanin razılığı ilə Qarabağda yerləşib. Azərbaycan da onların müqaviləyə uyğun olaraq bu ərazilərdən çıxarılmasını tələb edə bilər. Rusiya buna getməsə, bu, Cənubi Qafqazda Rusiyanın maraqlarına böyük zərbə olar”.
Bu baxımdan politoloq hesab edir ki, ciddi narahatlığa əsas yoxdur.
Vidadi ORDAHALLI