Ermənistan mediasının verdiyi məlumata görə, Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradovu general-mayor Mixail Kosobokovun əvəz edəcəyi gözlənilir. Adıçəkilən generalın başqa bir separatçı bölgədə işləməsi diqqəti çəkir.
Söhbət Gürcüstana aid olan Abxaziyadan gedir. Məlumdur ki, həmin bölgəni Rusiya müstəqil dövlət kimi tanıyıb. İstər-istəməz sual yaranır: Abxaziyada uzun müddət xidmət etmiş komandiri Qarabağa göndərməkdə Rusiyanın perspektiv planı nədir?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya sülhməramlıları ilə bağlı dünyada birmənalı münasibət yoxdur: “Belə qənaət var ki, həmin qüvvələr mövcud olduqları coğrafiyada sülhə və stabilliyə xidmət etmir. Əsasən Rusiyanın tələb etdiyi maraqlar çərçivəsində fəaliyyət göstərirlər. Biz bunu Gürcüstanda, Ukraynada və digər bölgələrdə də görürük. Azərbaycandakı fəaliyyətləri də həmin ssenari üzrədir. Azərbaycandakı missiyalarını onlar, digər bölgələrdən fərqli olaraq, yerli hakimiyyətin icazəsi ilə həyata keçirirlər. Azərbaycan üçtərəfli müqaviləyə əsasən onlara 5 illik fəaliyyət mandatı verib. Rusiya bu müddətdən istifadə etməyə, Qarabağda olan separatçı rejimi Ermənistandan kənarda formalaşdırmağa çalışır. Bundan əvvəlki sülhməramlıların rəhbəri sırf hərbçiydi. Onun siyasi təcrübəsi çox deyildi. Ondan erməni separatçıları öz maraqları üçün məharətlə istifadə edirdilər. Artıq Rusiya başa düşür ki, mövcud şərtlərlə bölgədə nəyisə Ermənistanın xeyrinə dəyişmək mümkün deyil. Ona görə də çalışır ki, Qarabağdakı separatçı qalıqlarını gücləndirib bir təzyiq aləti roluna gətirsin. Sülhməramlılara Kosobokov kimi adamı rəhbər təyin etməkdə Rusiyanın 3 məqsədi var. Bu adam işğalçı təcrübəyə malikdir. Rusiya onu Qarabağa göndərməklə həm də sülhməramlılara rəhbərlik edən şəxs kimi imicini təmizləmək istəyir. Rusiya bu addımla həm Ermənistana, həm də Azərbaycana mesaj verir. Demək istəyir ki, Qarabağda nəzərdə tutduğu planı həyata keçirməkdə israrlıdır. Dünyaya göstərməyə çalışır ki, Rusiya sülhməramlı kontingenti bir neçə region əhatə edir və vahid mərkəzdən idarə olunur. Ancaq inanmıram ki, bu cür addımları ilə Rusiya pis imicə malik olan sülhməramlılarının fəaliyyətini legetimləşdirməyə nail olacaq. Əksinə, bu cür addımları ilə o əsl mahiyyətini ortaya qoyur. Azərbaycan bu təyinata qəti etiraz etməlidir. Çünki Abxaziyaya sülhməramlılar Gürcüstanın icazəsi olmadan yerləşib. Bunun da adı hərbi təcavüz və işğaldır. Azərbaycanda isə onların fəaliyyəti dəvət əsasında olub. Qarabağda yerləşdirilən sülhməramlıların rəhbəri Azərbaycanla razılaşdırılandan sonra həmin posta təyin olunmalıdır. Belə olmazsa, onsuz da bizi qane etməyən sülhməramlı missiya daha bir qanunsuzluğa imza atmış olacaq. Yaxşı olardı ki, Rusiya Muradovun yerinə nisbətən normal reputasiyaya malik bir həbçini təyin etmək barədə düşünsün”.
Məhəmmədəli QƏRİBLİ