Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib. Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələri çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib. Laçın rayonu həm Qarabağ üçün starteji əhəmiyyət daşıyır, həm də Ermənistanla həmsərhəddir. Nəzərə alaq ki. Qarabağın ermənilər yaşayan hissəsi ilə Ermənistanı məhz Laçın rayonundan keçən dəhliz birləşdirir. Məhz belə bir rayonda Türkiyə ilə Azərbaycanın birgə hərbi təlim keçirməsinin nə kimi hədəfləri ola bilər?
Hərbi-siyasi ekspert Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hər bir hərbi təlimin görünən və görünməyən tərəfləri var: “Hərbi təlimlərin açıq tərəfləri ilə bağlı səfirliklərdəki hərbi attaşelərə və başqa lazımi instansiyalara məlumat verilir. Ancaq əsl mahiyyət, təbii ki, açıqlanmır. Laçın rayonu çətin dağ relyefinə aid bir ərazidir. Orada təlimlərin keçirilməsi həm taktiki, həm də starteji cəhətdən önəmlidir. Eyni zamanda rəmzi məna daşıyır. Biz göstəririk ki, işğaldan azad olunan bütün rayonlarda tam nəzarətə hakimik. Laçın rayonunun cüzi bir hissəsindən ermənilər koridor kimi istifadə edir. Ora da rus sülməramlı kontingent nəzarət edir. Bununla eyni zamanda onların nəzərinə çatdırılır ki, özlərini yaxşı aparmayacaqları təqdirdə, hər an Azərbaycan ordusunun “dəmir yumruğ”unu hiss edə bilərlər. Uzun illər bundan əvvəldən başlayaraq Azərabaycan ordusunun bütün qoşun növləri təlimlər keçirir. Hətta qardaş Türkiyənin iştirakı ilə də bir neçə belə təlimin keçirildiyinin şahidi olduq. Bütün bunların nəticəsini biz 44 günlük müharibə zamanı gördük. Bu gün də Laçının təlim ərazisi kimi seçilməsi bizim gələcək strategiyamızı müəyyənləşdirir. Ermənistan görməlidir ki, konstruktiv davranmasa, hətta Laçındakı güzəştdən də məhrum edilə bilər. Türk qoşunlarının məhz Laçında görünməsi bizim gücümüzə əlavə güc qatır. Bu, həm də dünyaya böyük bir mesajdır ki, Türkiyə ilə Azərbaycanın birliyi sarsılmazdır. Həm də nəzərə çatdırılır ki, Qarabağda antiterror əməliyyatlarının keçirilməsinə ehtiyac olarsa, biz Türkiyənin də dəstəyini hiss edə bilərik. Bizim silahlı qüvvələrimiz qarşıya qoyulan istənilən tapşırığı təkbaşına da yerinə yetirməyə qadirdi. Bütün növ qoşunlarımızın bu istiqamətdəki hazırlığı yüksək səviyyədədir. Xüsusi təyinatlılarımız, quru qoşunlarımız çox ciddi gücə malikdir. Bununla düşmənə göstəririk ki, artıq biz Laçında da var gücümüzlə möhkəmlənmişik. Ermənistan bundan ciddi nəticələr çıxarmalıdır. Cənubi Qafqazda sülhün yaranmasına öz töhfələrini verməlidir. Ermənistan bilməlidir ki, nümayiş olunan bu güc həm də onu yerinə oturtmaq üçündür və istənilən vaxt öz işinə başlaya bilər”.
Məhəmmədəli QƏRİBLİ