Azərbaycan Qarabağda quruculuq işlərini genişləndirdikcə, Ermənistanda tanınmış adamların hakimiyyətə yönəlik tənqidləri artır. Açıq görünür ki, erməni cəmiyyəti, xüsusən də revanşist düşüncədə olan şəxslər görülən bu işlərin miqyasından vahimələnir. Onların bu yöndə narahatlığı get-gedə artır.
Bu dəfə erməni siyasi icmalçı Xaçatur Xaçatryanın səsləndirdiyi fikirlər diqqəti cəlb edir. O deyib ki, son 30 ildə Ermənistan ancaq dağıtmaqla məşğul olub: “Artsax günü” deyirsiniz? Bəs belə bir gün keçirmək üçün nə etdiniz? Baxın, indi orada Azərbaycan nələr edir. Baxın və utanın! Müasir yollar çəkilir, infrastruktur bərpa edilir. Artıq hava limanı fəaliyyətə başladı. Bəs bizim hökumətimiz 30 il ərzində “artsax” üçün nə edib? İrəvan bu üç onillikdə Qarabağda bir iş də görə bilməyib. Bir dövlət də “dqr”i rəsmən tanımadı. Ümumiyyətlə, Ermənistan orada heç bir şey tikmədi, ancaq taladı, dağıtdı. İndi Qarabağda Azərbaycan fəal tikinti işləri aparır, aeroportlar, mehmanxanalar, tunellər tikir. Bütün bunlar Ermənistanın əvvəlki və hazırkı hakimiyyətinin “fəaliyyəti”nin real göstəricisidir”.
Erməni tərəfinin bu müqayisələri göstərir ki, onlar aradakı fərqi daha yaxından görürlər. Bunu gördükcə, separatçıların əsl niyyəti ortaya çıxır.
“İşğaldan azad olunan ərazilərimiz cənnətə çevrildikcə, dəli olmağa başlayacaqlar”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, ermənilərin xoflanması hələ qabaqdadır: “İşğaldan azad olunan ərazilərimiz cənnətə çevrildikcə, onlar bax onda dəli olmağa başlayacaqlar. Zatən, proses start götürüb. Ermənilər gördülər ki, necə çətin dağlıq ərazilərdən Şuşaya Zəfər yolu çəkildi. 100 kilometrdən artıq keyfiyyətli yolun qısa müddət ərzində çəkilməsi qarşı tərəfi dəli edir. Çünki onlar bunu xəyal belə etmirdilər. Erməni ictimai-siyasi xadimləri yaxşı bilirlər ki, quruculuq işləri genişləndikcə, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması sürətləmnəcək. Bu isə, öz növbəsində, reinteqrasiya prosesini gündəmə gətirəcək. Bir növ, təbii olaraq bunun üçün zəmin yaranacaq. Onlar bunu hiss etdikləri üçün belə təşvişdədilər. Çünki yaxşı bilirlər ki, ermənilər demoqrafik göstəricilərə görə də azərbaycanlılara uduzur. Otuz ilə yaxın dövr ərzində torpaqlarımız işğal altında qaldı. Bu müddət ərzində ətraf 7 rayon tamamilə məhv edildi. O cümlədən, Dağlıq Qarabağdakı azərbaycanlıların yaşadığı kəndlər dağıdıldı. Qarşı tərəf elə bilirdi ki, Azərbaycan bu səbəbdən xaraba qoyulan əraziləri geri almaq istəməyəcək. Yaxud işğaldan azad etsə də, bərpa edə bilməyəcək. Çünki dağıntıların miqyası çox böyük idi. İndi isə bu gözləntilərin tam əksi baş verdiyinə görə ciddi təşviş içindədilər. O üzdən, belə tənqidlər artır”.
Şərqşünas hesab edir ki, artıq heç bir qüvvə Azərbaycanın qarşısında dayana bilməz.
Vidadi ORDAHALLI