Füzuli Beynəlxalq Hava Limanında əlamətdar hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib. Simvolik məqam ondan ibarətdir ki, həmin təyyarə "QARABAĞ" adını daşıyır.
Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırıb. Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib. AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib ki, bütün bunlar Prezident İlham Əliyevin tikinti işlərinə birbaşa nəzarəti sayəsində mümkün olub: “Dövlət başçısının qeyd etdiyi kimi, bu hava limanı Qarabağa hava qapısı olacaq. Qeyd etmək istərdim ki, qısa müddətə baxmayaraq, Füzuli Hava Limanı beynəlxalq hava limanları münasibətində irəli sürülən bütün yüksək tələblərə uyğun şəkildə inşa edilib”.
Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı ICAO-nun bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıq-texniki, ilkin və ikinci radiolokasiya sistemləri ilə tam təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatıb. Bunun sayəsində Füzuli Hava Limanına ICAO və ATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq. Aeronaviqasiya sisteminə və işğaldan azad edilmiş ərazilər üzərindən uçuşlara tam nəzarəti təmin etmək üçün yeni beynəlxalq hava yolları tətbiq olunur.
Sentyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib. Həmçinin, Füzuli Beynəlxalq Hava Limanını “Zəfər Yolu” və Şuşa şəhərinə aparan magistral yolla birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Bundan əlavə, hava limanının ərazisində yaşıllaşdırma işləri aparılır. Xatırladaq ki, Füzuliyə ilk hava üçuşunun reallaşması erməniləri ciddi narahat edib. Onlar bu amildən niyə narahat olur və Qarabağda tikilən yeni aeroportlar ölkəmizə nə kimi dividendlər vəd edir?
Beynəlxalq idarəetmə üzrə ekspert, iqtisadçı Asif İbrahimov “Bakı-Xəbər”ə bildirdi ki, yeni hava limanlarının inşasının bir çox aspektlərdən ölkəmiz üçün əhəmiyyəti var: “Məhz bütün bu amillərə görə ermənilər dərin narahatlıq keçirir. Qeyd edim ki, işğaldan azad edilən rayonlarda daha iki aeroportun tikintisi davam edir. Daha iki hava limanı Laçın və Zəngilan rayonlarında istifadəyə veriləcək. Bunun ölkəmiz üçün həm turistik, həm iqtisadi, həm də hərbi əhəmiyyəti var. Hələlik bizim nəzarətimizdə olmayan Xocalı aeroportundan Bakının razılığı olmadan heç bir təyyarə uça bilmir. Reallıq budur ki, bizim özümüz də həmin aeroportdan istifadə edə bilmirik. Eyni zamanda, Füzulidəki yeni aeroport Şuşaya gələn turistlər üçün ən münasib hava limanı olacaq. Bu amil işğaldan azad edilmiş ərazilərimizə, eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq. Bununla yanaşı, hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir”.
Ekspertin sözlərinə görə, Füzuli aeroportu Xocalı aeroportunun əhəmiyyətini heçə endirəcək:”Axı separatçılar bütün bu illər ərzində Xocalı aeroportuna görə lovğalanır, hətta Bakını şantaj etməyə çalışırdılar. Füzuli Hava Limanı istifadəyə veriləndən sonra Xocalı aeroportu kimə lazım olacaq? Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Füzuli rayonu İranla sərhəddə yerləşir. Füzuli rayonunun işğalı nəticəsində Horadiz-Aslandüz sərhəd-keçid məntəqəsi bağlanmışdı. Artıq məntəqənin yenidən fəaliyyət göstərməsinə heç bir maneə yoxdur və Füzulidə beynəlxalq hava limanının açılması Azərbaycanın logistik imkanlarını genişləndirə bilər. Bu isə bölgənin iqtisadi imkanlarının genişlənməsi baxımından vacib amildir. Azərbaycanlı məcburi köçkünlərin qayıdışından sonra da bu ərazidəki əhalinin sayı xeyli artacaq. Bu də həmin əhalinin böyük əksəriyyətinə Bakıya gəlmədən ölkə hüdudlarından kənara çıxmaq imkanı verəcək. Bu baxımdan Füzuli Beynəlxalq Hava Limanının inşası ən uğurlu seçim sayılmalıdır. Erməniləri bütün bu məqamlar ciddi narahat edir”.
Məhəmmədəli QƏRİBLİ