Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə müəyyən müzakirələr hələ davam edir. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O, Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti və əməliyyatlarının Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr tarixli Üçtərəfli bəyanatına əsasən həyata keçirildiyini qeyd edib. H.Hacıyevin sözlərinə görə, 10 noyabr üçtərəfli razılaşması sülhməramlı qüvvələr üçün siyasi və müəyyən dərəcədə hüquqi çərçivəni müəyyən edib:
"Əlavə razılaşmalara və sülhməramlıların mandatı barədə əlavə hüquqi mexanizmlər məsələsinə gəldikdə, tərəflər arasında bu barədə ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ davam edir. Bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər".
Onun sözlərinə görə, hazırda bütün işğaldan azad olunmuş ərazilərdə yeni rekonstruksiya işləri başlayır: "Qarşımızda duran indi əsas məsələ həmin ərazilərdə quruculuq, rekonstruksiya işlərini həyata keçirməkdir. Son 30-40 ildə dünya miqyasında dövlətlərin bu qəbildən və bu miqyasda üzləşdikləri rekonstruksiya layihələri olmayıb".
Göründüyü kimi, Hikmət Hacıyev Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə müəyyən müzakirələrin hələ davam etdiyini deyib. Söhbət hansı əlavə hüquqi mexanizmlərdən gedə bilər?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, təəssüflər olsun, Qarabağda proseslər heç də xoş olmayan bir məcraya yönəlməkdədir: “Qarabağda və eləcə də sərhədlərdə erməni ordusunun əsgərləri daima Azərbaycan milli ordusunun əsgərlərinə qarşı müxtəlif təxribatlar törədir, atəş açırlar. Qarabağda separatçılar həddindən artıq sərbəst davranır. Müstəqillik adı altında hər hansı şou düzəldib onu qeyd etməkləri, Şuşa ətrafı bölgələrdə yerləşdirilmiş erməni əsgərlərinin bölgədəki Azərbaycan əsgərlərinə atəş açması və s. səbr kasamızı doldurub. Biz uzun müddət nə sülhməramlıların, nə də ki, bölgəyə sızan və bölgədə qalan erməni silahlı qüvvələrinin əsgərlərinin nazı ilə oynamaq fikrində deyilik.
Hazırda bölgədəki sülhməramlılar mandatı və əsasnaməsi olmadan fəaliyyət göstərir. Bir qayda olaraq, sülhməramlı qüvvələr BMT-nin verdiyi mandat əsasında fəaliyyət göstərməlidir. Onların fəaliyyətini təsdiq edən əsasnaməni də sülhməramlıların fəaliyyət göstərdiyi ərazinin dövlət qurumları həyata keçirir. Rusiya özünə sərf edən şərti bir əsasnamə hazırlayıb. İndi də çalışır ki, onu Ermənistan və Azərbaycana qəbul etdirsin. Erməmistan təbiidir ki, həmin əsasnaməni qəbul etməyə razıdır. Çünki bütün müddəalar onun maraqlarına uyğundur. Azərbaycan isə həmin əsasnaməyə bir sıra maddələrin daxil edilməsini istəyir. Bizim istəyimiz budur ki, sülhməramlılar orada ermənilərə su daşımaq, ev tikməklə məşğul olmasınlar. İstəyimiz budur ki, sülh yaratsınlar, xidmət etdikləri ərazilərdəki qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoysunlar. Üçtərəfli razılaşmada göstərilən missiyalarını həyata keçirsinlər. Bu missiyanın ən başlıcası ərazidəki erməni silahlı qüvvələrinin çıxarılmasıdır. Bunlar isə əlavə qüvvələrin cəlbinə mane olmurlar. Azərbaycan istəyir ki, sülhməramlılar ərazimizdə fəaliyyət göstərdiklərinə görə, suvernliyimizə təhdid olan fəaliyyətə son qoysunlar. Bizim yenilik kimi istədiyimiz budur ki, lazımi müddəalar əsasnamədə öz əksini tapsın”.
Məhəmmədəli QƏRİBLİ