Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Ermənistan demarkasiya və delimitasiya işlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycanın reaksiyasını gözləyir: “Ermənistan demarkasiya və delimitasiya işlərinə hazırdır. Biz artıq bunu açıq şəkildə bildirmişik. Hazırda heç bir iş həyata keçirilmir. Biz Azərbaycandan cavab gözləyirik”.
Təhlükəsizlik Şurasının katibi Azərbaycanın müsbət cavab verəcəyinə və sərhəddə böhranın mümkün qədər tez həll edilməsi üçün ən qısa müddətdə demarkasiya və delimitasiya işlərinə başlamağın mümkün olacağına ümid etdiyini bildirib.
Erməni tərəfi elə təəssürat yaradır ki, sanki Azərbaycan bu barədə heç danışmayıb. Əslində Ermənistandan çox Azərbaycan delimitasiyada maraqlıdır. Halbuki, rəsmi İrəvan Azərbaycan qüvvələrinin Ermənistan “ərazilərindən” çıxarılmasını tələb edərək, həmçinin erməni “əsirlər” (əslində diversantlar) azad edilənə qədər sərhədin delimitasiyasını qeyri-mümkün hesab edərək, sərhədin delimitasiyası mümkünlüyünü təkzib edirdi. İndi isə tamamilə fərqli formada danışırlar. O baxımdan bu ziddiyətli yanaşmanı ekspertlər necə dəyərləndirir?
“Ola bilsin, Ermənistana sərhəd məsələsi ilə əlaqədar müəyyən xarici təzyiqlər var”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun sözlərinə görə, bu, Ermənistanın növbəti hiyləgər siyasi gedişidir: “Bununla beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyirlər. Yəni Ermənistan sülhpərvər addımlar atmaqda maraqlıdır, Azərbaycan yox. Məsələ ondadır ki, seçkilərə qədər Ermənistan bundan yayındı. Daha doğrusu, seçkiləri bəhanə edib delimitasiya və demarkasiya məsələlərini arxa plana keçirdilər. Seçkilərdə parlamendə yerlərin çoxunu götürəndən sonra artıq bu məsələdə bəhanə üçün elə bir yer qalmayıb. Çünki gördülər ki, KTMT-ni sərhəd məsələsinə alət etmək cəhdləri fiaskoya uğradı. Əslində sərhədlərin delimitasiyası məsələsində Azərbaycan daha qərarlıdır. Çünki 30 ilə yaxın Kəlbəcərdən başlamış Zəngilana qədər Azərbaycanın Ermənistanla sərhədi işğal altında olub. Ermənilər elə bilirdilər ki, daimi olaraq həmin ərazilər onların işğalı altında olacaq. Ancaq məlum olduğu kimi, 44 günlük müharibənin nəticələri onların bütün planlarını alt-üst etdi. İndi artıq dairə daraldığı üçün Ermənistan rəsmiləri bu cür açıqlamalar verir. Çünki anlayırlar ki, proseslərin uzanması daha çox onların ziyanına işləyir. Fikrimcə, Ermənistanın sərhəd məsələsində hansısa pozucu şərtlərlə çıxış etməyəcəyinə əminlik yoxdur. Necə ki bundan əvvəl deyirdilər Azərbaycan qüvvələrini Qaragöl ətrafından çəksin, ondan sonra delimitasiya və demarkasiya işlərinə start verilsin. Maraqlıdır, görəsən nə baş verib ki, erməni tərəfi ilkin şərtlə çıxış etmir? Ola bilsin, Ermənistana sərhəd məsələsi ilə əlaqədar müəyyən xarici təzyiqlər var. Hər halda, Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı qarşıdakı dövrdə necə hərəkət edəcəyini indidən proqnozlaşdırmaq çətindir. Ancaq görünən odur ki, bu istiqamətdə proses başlayacaq”.
Partiya sədri hesab edir ki, istənilən halda sərhədlərin delimitasiyası uzun çəkəcək.
Vidadi ORDAHALLI