Sentyabrın 3-də saat 01:00-dan 02:15-ə qədər Ermənistan silahlı dəstələri Azərbaycan Silahlı Qüvvələrinin Şuşa istiqamətində yerləşən mövqeyini intensiv atəşə tutub. Azərbaycan hərbi qulluqçularının cavab tədbirləri nəticəsində qarşı tərəf itki verib və susdurulub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir: “Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb. Bildiririk ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycan Respublikasının qanunları çərçivəsində adekvat tədbirlərin görülməsi bundan sonra da qəti şəkildə təmin olunacaq”.
Son vaxtlar Azərbaycan Şuşa şəhərində bir sıra rəsmi tədbirlər keçirir və orada bir çox tanınmış insanlar iştirak edir. Ermənilərin məhz Şuşanı hədəf alması bu amillərlə bağlı ola bilərmi?
“Biz Şuşadan bir dənə də həmlə etsək, Xankəndidə bir nəfər də olsun erməni qalmayacaq”
Hərbi-siyasi ekspert Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun bir çox səbəbləri var: “Əvvəla, Şuşa çox böyük tarixi, hərbi və strateji əhəmiyyətə malik olan şəhərdi. Bundan əlavə, Şuşa ermənilərin kompakt yaşadığı əraziyə ən yaxın olan şəhərimizdi. Müharibədən qısa müddət keçməsinə baxmayaraq, Azərbaycan tərəfi Şuşada bir çox yerli və beynəlxalq əhəmiyyətli tədbirlər keçirdi və keçirməkdə də davam edir. Hətta Türkiyə ilə Azərbaycan arasında imzalanan və ciddi strateji əhəmiyyətə malik olan “Şuşa bəyannaməsi” də həmin şəhərdə iki ölkə rəhbərlərinin iştirakı ilə imzalandı. Şuşaya aparan alternativ “Zəfər yolu” artıq hazırdı. Təbiidir ki, bütün bu amillər erməniləri ciddi narahat edir. Ermənilərin hazırda daha çox yaşadığı şəhər Xankəndidir. Həmin şəhərdən Şuşa görünür. Xankəndidə işıq fasilərlərlə verilir, içməli su tapmırlar, ancaq yaxınlıqda olan Şuşa çil-çıraq içində yanır. Bunu da ermənilər görür. KİV-lərdən görürlər ki, qısa müddət ərzində Şuşada ciddi bərpa-quruculuq işləri aparıldı və bu yöndə fəaliyyət sürətlə davam edir. Şuşa ilə bağlı tədbirlər həm də beynəlxalq arenada rəğbət və maraqla qarşılanır. Ermənilər həmin şəhərin heç də təhlükəsiz olmadığı ilə bağlı rəy yaratmağa çalışdıqları üçün, uzaqdan-uzağa belə təxribatlara əl atırlar”.
Ekspertin sözlərinə görə, bu məsələdə ən ciddi məsuliyyət Rusiya sülhməramlılarının üzərinə düşür: “Onlar bilməlidirlər ki, Azərbaycanın səbri hədsiz deyil. Belə davam edərsə, Azərbaycan istənilən vaxt öz ərazisində antiterror əməliyyatı keçirib, ermənilərin başına daha bir “dəmir yumruq” endirə bilər. Biz Şuşadan bir dənə də həmlə etsək, Xankəndidə bir nəfər də olsun erməni qalmayacaq. Yaxşısı budur ki, ermənilər özlərini ağıllı aparsınlar. Çünki bu cür təhdidlərlə nəyəsə nail olmaq mümkün deyil”.
Məhəmmədəli QƏRİBLİ