Ermənistanın sabiq prezidenti Serj Sarkisyan müsahibəsində bildirib ki, 44 günlük müharibə zamanı Ermənistan Azərbaycan ordusuna qalib gələ bilərdi: “Müharibə başlarsa, bu dəfə də qalib gəlmək olar, əgər Ermənistanın mövcud hakimiyyəti ordunu gözdən salmasa, şəxsi heyətdə təmizləmə aparmasa, təcrübəli komandirləri konformistlərlə əvəz etməsə, ordunu bu qədər vasvası idarə etməsə və yalan vədlər verməsə”.
Onun ölkəsinin kaputiliyasiya aktı imzalamasını, Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ münaqişəsi yoxdur, status cəhənnəmə getdi” ifadəsini bütün dünya eşitdiyi halda özünü eşitməzliyə vuraraq, ”Bu gün yalnız bir status ola bilər – bu, Azərbaycandan kənarda təhlükəsizlikdir. Dağlıq Qarabağ xalqının buna haqqı var” deməsi ya siyasi korluqdan, ya da sərsəmlikdən xəbər verir. Görünür, Sarkisyan Ermənistanda 44 günlük müharibədə məhv olan ermənilərdən daha da artığının Azərbaycan əsgərinin gülləsinə tuş gətirməkdə maraqlıdır.
İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu 30 il müasir silahlarla silahlandırılan Ermənistan ordusunu cəmi 44 günə darmadağın etdi. Onun bütün hərbi arsenalını sıradan çıxardı. Müharibədə on min erməni əsgər və zabiti Azərbaycan Ordusunun 25 nəfərlik bir tağımı qarşısından qaçaraq fərari vəziyyətinə düşdü. İndi hansı ordu ilə Sarkisyan Azərbaycana meydan oxuyur?
Hərbi-siyasi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Sarkisyan və digər erməni siyasətçiləri hələ də ötən əsrin 90-cı illərinin əvvəlini unuda bilmirlər: “Həmin vaxt Azərbaycan ordusu zəif və vahid mərkəzdən idarə olunmayan başıpozuq dəstələrdən ibarət idi. Bu illər ərzində Azərbaycanda xeyli dəyişiklik baş verib. Azərbaycan öz Ali Baş Komandanının rəhbərliyi altında vahid mərkəzdən idarə olunan nizami bir ordu yaradıb. Bu ordu müdafiə və döyüş qabiliyyətini gündən-günə gücləndirir. Bunun əsasında Azərbaycanın dünyanın aparıcı ölkələri ilə qurduğu hərbi əlaqələr dayanır. Bu amil Azərbaycana yeni silahlar əldə etmək və yeni silahları idarə etmək kimi imkanlar verir. Bu 30 ildə Azərbaycan bir çox hərbi təlimlərdə, sərgilərdə, simpozümlarda yaxından iştirak edib. Bu tədbirlərin ən önəmli istiqamətlərini özü üçün əxz edib. Kadrların yetişdirilməsi ilə bağlı məsələdə də Azərbaycan xeyli irəliyə gedib. Bu işdə Prezidentimizin müstəsna xidmətləri var. Bugünkü Azərbaycan Ordusu Serj Sarkisyanın və Robert Köçəryanın düşündüyü ordu deyil. Çox ciddi döyüş potensialına malik bu ordu ilə döyüşmək Ermənistanın çapına uyğun deyil. Biz bunun ən bariz nümunəsini 44 günlük müharibədə gördük. Dünyanın ən aparıcı ölkələri bizim müharibə taktikamızı öyrəndiklərini açıq etiraf etdilər. Azərbaycan bu müharibədə həm də dünyanın ən müasir silahlarının ilk dəfə praktik sınağını həyata keçirdi. Yəni birbaşa döyüş sahəsində onları nümayiş etdirdi və uğur qazandı. Biz gələcək hədəflərimizi ciddi təhlil edirik və inamla onlara doğru gedirik. Serj Sarkisyan Azərbaycan ordusunun gücünü, görünür, qəbul etmək istəmir. Bizim Prezident demişdi ki, biz nəinki XXI əsrin, hətta XXII əsrin müharibəsinə hazır olmalıyıq”.
Ekspertin sözlərinə görə, bu möhtəşəm fikir Azərbaycan gəncliyinin gələcəyini qarantiləmiş olur: “Bu fikrin arxasında Azərbaycan Ordusuna olan inam dayanır. Siyasi cəhətdən də təşəbbüs bizim tərəfdədir. Bizim ərazi bütövlüyümüz bütün dünya ölkələri tərəfindən tanınır. Biz dünya birliyinin görməli olduğu işi öz Ordumuzun gücü ilə həyata keçirdik. Ermənistanın başıpozuq sabiq prezidenti sanki yuxudadır və bunları görmür. Mən onun danışığında affekt halını hiss edirəm. Belə mənasız revanşist təkliflərlə Ermənistan özünü daha da uçuruma aparır. Hərbidə bir deyim var: “Sülh istəyirsənsə, müharibəyə hazır ol”. Biz bu kontekstdən çıxış edirik. Sarkisyanın fikri imitasiya xarakteri daşıyır və daha çox daxili auditoriyaya hesablanıb. Onun arxasında heç bir məntiq dayanmır”.
Məhəmmədəli QƏRİBLİ