Son vaxtlar bəzi ekspertlərin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşa biləcəyinə dair fikirlər səsləndirdiyinə şahidlik edirik. İddia olunur ki, bu proses Azərbaycandan kənar masada da öz həllini tapa bilər. Türkiyə uzun müddət sərhədlərini Ermənistanla məhz ikincinin işğalçılıq siyasətinə görə bağlı saxlayıb.
Azərbaycan erməni işğalına öz gücü ilə son qoyubsa, Türkiyə Ermənistanla sərhədlərini açmaqda maraqlı ola bilərmi? Maraqlıdır ki, belə bir istəyi Rusiyanın xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova da dilə gətirib: “Ankara ilə İrəvan arasında bir müddət öncə müsbət siqnal mübadiləsini gördük. Rusiya hər zaman Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı olub”.
O, bu kontekstdə Sürix protokollarını xatırladıb:
“Bilirsiniz ki, Rusiya Sürix protokollarının imzalanması prosesində birbaşa iştirak edib. Moskva 2009-cu ildə Sürix protokollarının imzalanmasının əsas təşəbbüskarı və vasitəçisi rolunda çıxış edirdi. Sürix protokolları Türkiyə və Ermənistan arasında heç bir şərt irəli sürmədən əməkdaşlığı nəzərdə tuturdu. Təəssüf ki, Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş təşəbbüs həyata keçmədi, tərəflər bu təşəbbüsü reallaşdırmadı, bu artıq hər ölkənin öz iradəsi idi”.
M.Zaxarova qeyd edib ki, Rusiya indi də iki qonşu ölkənin - Türkiyə və Ermənistanın qarşılıqlı hörmət və bir-birinin maraqlarını nəzərə almaqla yaxınlaşması üçün hər cür kömək etməyə hazırdır.
Göründüyü kimi, Zaxarova hətta bu prosesə öz vasitəçiliklərini də təklif edir. Azərbaycandan kənar masada Türkiyə ilə Ermənistan münasibətləri normallaşa bilərmi?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanla Türkiyə arasındakı sərhəd Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi səbəbindən uzun müddətdir bağlı qalıb: “44 günlük müharibədən sonra sərhədin açılması üçün əsaslar ortaya çıxır. Bu istiqamətdə Ərdoğanın bir neçə dəfə mesajlar verdiyinin də şahidi olmuşuq. Deyib ki, Ermənistanın sülhməramlı yanaşması ilə olan problemlər aradan qaldırıla bilər. Azərbaycan Prezidenti də Ermənistanın blokadadan çıxa biləcəyinin mümkünlyü ilə bağlı bir neçə dəfə fikirlərini ifadə edib, Ermənistana mövcud şəraitdən yararlanmağı məsləhət görüb. Təəssüflər olsun ki, biz bu müraciətlərin fonunda Ermənistan tərəfdən hər hansı bir əməli addım görməmişik. Yalnız müstəqil ekspertlər bunun mümkünlüyü barədə danışır. Rusiya rəsmisi Mariya Zaxarova hətta vasitəçilik də təklif edib. Bu 30 il ərzində cəmi bir dəfə iki ölkə arasındakı münasibətlərin normallaşmasına cəmi bircə dəfə 2009-cu ildə təşəbbüs olub. Sürixdə imzalanan həmin razılaşmadan sonra da sərhədlər açılmadı. Çünki Türkiyə prinsipial olaraq Ermənistanı işğala son qoymağa çağırırdı. Yəni həmin razılaşma Ermənistanın sabotajı, sonra da imtinası üzündən baş tutmadı. Ermənistan da razılaşmadan kənar olaraq Türkiyədən qondarma “soyqırımı” tanımağı tələb edirdi. Sonra Ermənistanın Konstitusiya Məhkəməsi həmin protokolların geri çağırılması ilə bağlı qərar qəbul etdi. 2015-ci ildə Ermənistan öz parlamentindən protokolları geri çağırdı, 2017-ci ildə isə həmin protokolları etibarsız elan etdi. 2018-ci ildə Serj Sarkisyan Ermənistan dövləti adından Sürix protokollarından tam imtina etdi. Görünür, Zaxarovanın bütün bunlardan xəbəri yoxdur”.
Politoloqun sözlərinə görə, Ermənistan sərhədlərin açılmasını çox istəyir: “Azərbaycanın başının üstündən belə bir proses reallaşa bilməz. Çünki Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin səviyyəsi buna imkan vermir. Bəli, hər iki ölkədə bunu istəyənlər var. Bundan istifadə edib, iki qardaş ölkənin münasibətlərini korlamağa çalışırlar. Hesab edirəm ki, bu, Ermənistan 10 noyabrda üzərinə götürdüyü öhdəliklərə tam əməl edəcəyi təqdirdə mümkün ola bilər”.
Məhəmmədəli QƏRİBLİ