Bu gün Ermənistan üçün yenə ən ciddi problemlərdən biri demoqrafiya sahəsində qeydə alınan böhrandır. Ölkə əhalisi 1990-cı ildən başlayaraq davamlı surətdə azalmağa doğru gedir. Rəsmi məlumatlara əsasən, ölkənin əhalisi 2,9 milyon, doğum səviyyəsi isə 1,6 milyon nəfərdir ki, bu da özünübərpa səviyyəsindən çox aşağıdır.
Bütün ölkə üzrə ölüm sayı doğum səviyyəsini ötüb. Ermənistan Statistika Komitəsinin son məlumatları da vəziyyətin acınacaqlı olduğunu təsdiq edir. Qurumun bildirdiyinə görə, ölkənin ali məktəblərində 15 000 min tələbə yeri boş qalıb.
Bu arada o da məlum olub ki, Ermənistanın regionlarında yaşayan əhalinin sürətlə azalmağı davam edir. Erməni mətbuatının 1 avqust 2021-ci il tarixinə aid statistik məlumatları əsasında bəlli olur ki, əhalinin sayında ən çox azalma Zəngəzurda qeydə alınıb. Belə ki, Zəngəzurda əhalinin sayı cari ilin birinci yarısında təxminən 700 nəfər azalıb. Zəngəzurun inzibati mərkəzi sayılan Qafanda sözügedən rəqəm 400 nəfərə bərabər olub. Göstərilən rəqəmlər onsuz da əhalisinin ümumi sayı üç milyona çatmayan Ermənistan üçün olduqca təhlükəli həddədir. Belə ki, Zəngəzur vilayəti üçün bu göstərici təxminən əhalinin 0,5 faizindən çoxunu təşkil edir. Ermənistanın Azərbaycanla sərhəd Tavuş vilayətində də analoji vəziyyət hökm sürür. Burada cari ilin birinci yarısında əhalinin sayı 600 nəfər azalıb.
O da məlumdur ki, ermənilər bir sıra hallarda bəzi məsələləri şişirdib özləri barədə məzlum obrazı formalaşdırırlar ki, bu minvalla xaricdən daha çox yardım qoparsınlar. Bu baxımdan, Ermənistanda sərhədyanı əhalinin azalması faktdır, yoxsa erməni oyununda bir halqa?
“Böyük şəhərlərlə müqayisədə bölgələrdə sosial durum daha pisdir”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin fikrincə, Ermənistanda demoqrafik durum doğurdan da acınacaqlıdır: “Ermənilər özləri də etiraf edirlər ki, pandemiya ilə bağlı ölkədən giriş-çıxışa məhdudiyyətlər qoyulmasaydı, o zaman gedənlərin sayı daha çox olardı. Məlum məhdudiyyətlər bunun qarşısını qismən alır. Ölkə əhalisinin sayının azalması artıq gənc nəslin sayında özünü göstərməyə başlayıb. Çünki əvvəllər ölkəni əsasən iş qabiliyyətli əhalinin yaşı 30-dan yuxarı hissəsi tərk edirdisə, indi erməni ailələri uşaqları ilə birlikdə gedirlər. Bu hal ötən ilin payızında baş verən 44 günlük İkinci Qarabağ müharibəsindən sonra daha da sürətlənib. Erməni ailələr uşaqlarının gələcəkdə baş verəcək növbəti müharibələrə qurban getməməsi üçün onları əsasən Rusiya olmaqla, digər xarici ölkələrə aparır. Özü də ölkəni tərk edən ailələrin 90 faizdən çoxunun geri qayıtmaq haqqında fikirləri yoxdur. Rusiyanın rəsmi orqanlarının verdiyi məlumata görə, bu ilin əvvəlindən başlayaraq Ermənistandan Rusiyaya köçənlərin sayı 50 mini keçib. Regionlardan miqrasiya daha böyükdür. Çünki böyük şəhərlərlə müqayisədə bölgələrdə sosial durum daha pisdir. Üstəlik Ermənistan-Azərbaycan sərhəddinin delemitasiyası ilə bağlı yaşanan problemlər psixoloji baxımdan miqrasiyaya öz təsirini göstərir. O üzdən düşünmürəm ki, bu hansısa oyundur”.
Ekspert hesab edir ki, sadalanan problemlərin yaxın perspektivdə öz həllini tapacağı real görünmür.
Vidadi ORDAHALLI