Koronavirusun yayılma dalğasının genişlənməsi ilə əlaqədar yeni qaydaların tətbiqinin qüvvəyə minməsi qaydalara ictimai nəzarəti də aktuallaşdırır. Belə fikirlər var ki, pandemiya ilə bağlı qaydaların icrasına ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Şübhəsiz ki, bu prosesdə yerli qeyri-hökumət təşkilatları aktivlik göstərməlidir. Bəzi ekspertlərin iddiasına görə isə, pandemiya ilə mübarizədə QHT-lər nəinki aktivlik göstərmir, heç kiçik bir monitorinq də keçirmirlər.
İndiyə qədər QHT-lər, dövlət qurumlarının nəzdində yaradılan içtimai nəzarət şuraları, onlara üzv olan QHT nümayəndələri pandemiya ilə bağlı tətbiq edilən qaydaların icrasına niyə ictimai nəzarəti həyata keçirmir? Bir-iki QHT-ni cıxmaq şərtilə, başqa QHT-lər niyə içtimai nəzarət sahəsində aktiv ola bilmirlər? Pandemiya qaydalarının icrasına nəzarət məsələsində QHT-lərin, İctimai şuraların rolu varmı?
“Biz ictimaiyyətlə işləmişik, həm maarifçilik tədbirləri, həm monitorinqlər, həm də ictimai nəzarəti həyata keçirmişik”
Milli Qeyri Hökumət Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, ölkəmizdə pandemiya ilə əlaqədar olaraq QHT-lər, ictimai nəzarət şuraları maarifləndirici tədbirlər həyata keçirirlər: “İmkan daxilində monitorinq də keçirirlər. Bununla əlaqədar “İctimai liderlər” platformasında hesabat da təqdim olunub. “İctimai liderlər” platformasında təmsil olunan QHT-lər, konkret olaraq “Humanitar tədqiqatlar” İctimai Birliyinin sədri Əvəz Həsənov birinci mərhələnin yekununa dair hesabat təqdim edib. Yəni hansı QHT-lərin monitorinq aparmaq imkanları varsa onlar bundan istifadə ediblər, kimsə də imkanlarından istifadə etməyibsə, bu onun fəaliyyəti ilə bağlıdı. Bu açıq bir məsələdir və hansı QHT istəsə, bu sahədə addım ata bilər. İkinci məsələ, bəzi QHT-lər ictimai nəzarət fəaliyyəti ilə məşğul olur. Həm öz təşkilatlarının xəttilə, həm də müəyyən bir ictimai nəzarət sahəsində, ictimai şuralarda təmsil olunurlar. Orada da öz əsasnamələrinə uyğun olaraq fəaliyyət göstərirlər. Hazırda 19 mərkəzi icra hakimiyyətində ictimai şuralar var, hər şuranın da öz planı və proqramı mövcuddur, ona uyğun da hərəkət edilir”.
R.Zeyni qeyd etdi ki, pandemiya ilə mübarizə sahəsində qeyri-hökümət təşkilatlarının heç bir iş görmədiyini, ictimai nəzarət funksiyasını yerinə yetirmədiyini, habelə monitorinqlər keçirmədiyini demək olmaz, QHT-lər bu sahədə bacardıqlarını edirlər. “Bu könüllü bir məsələdir və hər bir təşkilat özünə, öz fəaliyyətinə və istiqamətinə uyğun olaraq monitorinqlər keçirir. Biz ictimaiyyətlə işləmişik, həm maarifçilik tədbirləri, həm monitorinqlər, həm də ictimai nəzarəti həyata keçirmişik. Məsələn, Sumqayıtda “İctimai liderlər” platforması olaraq pandemiya ilə əlaqədar monitorinq keçirmişik. Gördüyümüz işləri sosial şəbəkərdə paylaşmışıq. Bundan sonra da bu monitorinqlər keçirilə bilər. Hansı QHT ictimai nəzarət funksiyasını yerinə yetirmək istəyirsə keçirə bilər, buna mane olan yoxdur. Bu könüllü bir işdi”.
Hazırda QHT-lərin durğunluq dövrünü yaşadığını deyən R.Zeyni deyir ki, layihələr yoxdu, agentlik hələ formalaşmayıb, onlar bir az da həvəsdən düşüblər. R.Zeyni deyir ki, bütün hallarda pandemiya qaydalarının icrasına nəzarət məsələsində QHT-lər, İctimai şuralar aktivliyini davam etdirməlidir: “Biz pandemiya qaydalarının icrasına nəzarət məsələsində ictimai nəzarəti daha da gücləndirməliyik. Şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi çox vacib məsələdir. Qarşılıqlı faydalı əməkdaşlıq genişləndirilməlidir. Medianın, QHT-lərin, Həmkarlar ittifaqlarının, bələdiyyələrin, İctimai şuraların, vətəndaşların bu işi birgə aparmasının böyük faydaları var”.
İradə SARIYEVA