Qafqaz İrsini Müdafiə Beynəlxalq Təşkilatı (Qafqaz Heritage Watch) Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatları yaymaqda davam edir. Ermənilərin təsiri altında olan təşkilat növbəti dəfə Azərbaycanı ittiham edib.
Qafqaz İrsini Müdafiə Beynəlxalq Təşkilatı belə bir məlumat yayıb ki, guya Azərbaycan tərəfi Hadrutda 1890-cı ildə tikilmiş Tağlı körpünü 8 apreldən 7 iyula qədər olan dövrdə orada aparılan inşaat işləri zamanı dağıdıb. Təşkilat yazır ki, kiçik tikilinin ağaclar tərəfindən gizlədilməsi peyk görüntülərində onu görməyi çətinləşdirir, lakin QHW mənbələri onun yerini təsdiqləyib. Ermənilər də bu məlumatı kütləvi şəkildə tirajlayırlar.
Onu da qeyd edək ki, sözügedən təşkilat bundan əvvəl Azərbaycan tərəfini Şuşada Heykəl Parkının eksponatlarını sökməkdə ittiham etdi. Təşkilat muzeyin Heykəl Parkından 51 heykəlin peyk fotoşəkillərini yayaraq iddia etmişdi ki, guya Azərbaycan oradakı eksponatları yoxa çıxarıb. İndi də körpü ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayır.
Maraqlıdır, davamlı olaraq belə əsası olmayan məlumatların yayılmasında məqsəd nədir?
“Bunların gözü kor olub, görmək istəmirlər ki, Şuşada Qazançı kilsəsi necə təmir edilir”
Məsələyə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyevin sözlərinə görə, bütün bunlarda məqsəd Azərbaycanı barbar dövlət kimi dünyaya təqdim etməkdir: “Bu təşkilata ermənilərin təsiri böyükdür. Onlar davamlı olaraq Azərbaycan barədə əsası olmayan məlumatlar ötürürlər. Ermənilərin xarakteri böhtançılıq, yalançılıq, saxtakarlıq əsasında yoğrulub. Tarixən onlar belə olub. Hər bir şeydə gərəksiz bir şey axtarırlar. Ərazilərimiz işğaldan azad ediləndən sonra beynəlxalq miqyasda kütləvi kampaniya aparırlar ki, guya tarixi abidələr təhlükə altındadır. İlk dövrlərdə hətta ATƏT-in Minsk Qrupu həmsədrləri də əl-ayağa düşdülər ki, ay aman, tarixi abidələrə təhlükə var. Halbuki, tarixi abidələrin qənimi Azərbaycan yox, Ermənistandır. İşğal dövründə Azərbaycana aid tarixi abidələrə necə divan tutduqları yaxşı məlumdur. Azərbaycan nə Hadrutda, nə də digər azad olunan ərazilərdə tarixi abidələri dağıtmayıb. Əksinə, həmin abidələrin restavrasiyası ilə məşğuldur. Bunların gözü kor olub, görmək istəmirlər ki, Şuşada Qazançı kilsəsi necə təmir edilir. Azərbaycan tarixən ölkə ərazisində olan və müxtəlif dinlərə aid abidələri hər zaman qoruyub saxlayıb. Ancaq görünən odur ki, ermənilərlə yanaşı, bəzi beynəlxalq təşkilatlar da Azərbaycanın əldə etdiyi qələbəni həzm edə bilmir. QHW də belə təşkilatlardan biridir. Bunların məqsədi odur ki, Azərbaycanı barbar dövlət kimi dünyaya tanıtsınlar. Aparılan yalan kampaniyasının kökündə bu dayanır. Gör bunlar nə qədər utanmaz millətdilər. Qarabağın 7 rayonunu xaraba qoyan, bütün abidələrini dağıdan erməni utanmadan Azərbaycanı vandallıqda ittiham edir. Bəlli olur ki, bunların az da olsa ləyaqəti yoxdu”.
Professoor yekun olaraq onu da qeyd etdi ki, biz davamlı olaraq onların yalanlarını ifşa etməliyik.
Vidadi ORDAHALLI