Ermənistanla Azərbaycan arasında fikir ayrılıqlarının tənzimlənməsi və qarşılıqlı anlaşmanın təmin olunmasına kömək edəcək bütün addımlar alqışlanacaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı deyib.
O bildirib ki, ilk növbədə təhlükəsizliyi təmin etmək lazımdır: "Biz liderlərimizin üçtərəfli formatda imzaladıqları sənədlərin icrasına sadiqik. İndi söhbət prosesin bərpa olunmasından deyil, artıq imzalanmış sənədlərin icrasından gedir. İlk növbədə, təhlükəsizliyi təmin etmək və əlbəttə ki, etimadı bərpa etməyə başlamaq lazımdır. Bu məsələdə kommunikasiyaların bərpası üzrə üçtərəfli işçi qrupu böyük rol oynayır".
Sergey Lavrov həmçinin bildirib ki, Rusiya və Ermənistan xarici işlər nazirləri Moskvadakı görüş zamanı Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xüsusi diqqət ayırıb. Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrası prosesini də ətraflı müzakirə ediblər. Lavrov qeyd edib ki, erməni əsirlərin qaytarılması və mina xəritələrinin verilməsi də daxil olmaqla, Bakı və İrəvan arasında ziddiyyətlərin aradan qaldırılmasına diqqəti azaltmamağı razılaşdırıb, eyni zamanda, ATƏT-in Minsk Qrupu həmsədrlərinin gələcək fəaliyyətinə tələbatın olduğunu təsdiqləyiblər.
Maraqlıdır, belə üstüörtülü, mücərrəd görüşlər və ondan doğan nəticələrlə vəziyyəti normallaşdırmaq nə dərəcədə mümkün görünür? Lavrovun Minsk Qrupunu yenidən masaya yatırmaq niyyəti ermənilərin mövqeyinə verilən açıq dəstək kimi yozula bilərmi?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı Xəbər”ə açıqlamasında bildirdi ki, Lavrovun bu bəyanatı açıq şəkildə ermənilərə verilən dəstəkdən xəbər verir: “Azərbaycanın Minsk Qrupu ilə bağlı mövqeyi aydındır. Həmin format 30 il ərzində bir addım da olsun, irəliyə gedə bilməyib. Onların fəaliyyətinə ən düzgün qiyməti ABŞ-dan olan keçmiş həməsdr Hoqland verdi. Dedi ki, işləri-gücləri bahalı otellərdə qalmaq və yeyib-içmək olub. Azərbaycan öz ərazilərini işğaldan azad edib. Qarabağda qalan bir ovuc erməniyə bərabərhüquqlu vətəndaşlarımız kimi sahib çıxmağa hazırdı. Bunu ən yüksək səviyyələrdə bəyan edib. Ortada üçtərəfli razılaşma var. Hansına görə ki, Azərbaycan müharibəni dayandırdı. Rusiya həmin razılaşmanın işlək mexanizimini təmin etmək əvəzinə, prosesi yenidən əvvəlki məcraya qaytarmağa çalışır. Minsk Qrupunu ermənilərə Qarabağda status verməyə görə fəallaşdırmaq istəyirlər. Azərbaycan isə deyir ki, status gorbagor olub. Biz Minsk Qrupunun humanitar missiyalarla məşğul olmasına icazə veririk. Qarabağ və ətraf rayonlarda bu istiqamətdə iş çoxdur. Ancaq görürük ki, Minsk Qrupu özünü ermənilərə status almaqdan başqa nəyəsə kökləmək istəmir. Həmin formatdakı ölkələrdən biri Fransadır. Fransadan biz hansı neytrallığı gözləyə bilərik? Rusiyanın özü Ermənisatanı silahlandırırsa, hansı vasitəçilikdən söhbət gedə bilər? Hazırda Azərbaycan öz sərhədlərinin dəqiqləşməsini aparır. Bundan sonra Qarabağın az qalan hissəsində yurisdiksiyasını tam bərpa edəcək. Rusiya fikri əsas məsələdən yayındırmağa çalışır ki, konflikt həllini tapmasın. Özünə ehtiyacı hər zaman hiss etdirmək istəyir”.
Partiya sədrinin sözlərinə görə, belə mövqeyilə Rusiya arbitr ölkə kimi özünə olan inamı tam itirir: “Yaxşı olar ki, lazımi istiqamətdə 3-tərəfli müzakirələr aparılsın. Rusiya üzərinə götürdüyü öhdəlikləri həll etsin. Həmin razılaşmanı imzalayanda Rusiya Minsk Qrupu ilə məsləhətləşdi, yoxsa sülhməramlıları yeridəndə həmin formatla məsləhət etdi? Deməli, Rusiyaya Minsk Qrupu yalnız gərginliyi artırmaq üçün lazımdır”.
Məhəmmədəli QƏRİBLİ