Rusiyanın Xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında iki fərqli fikir söyləyib. Lavrov əvvəlcə deyib ki, Rusiya müxtəlif səviyyələrdə rəsmi Bakıya siqnallar göndərir ki, Azərbaycanda saxlanılan erməni hərbçilər ilkin şərt irəli sürülmədən Ermənistana qaytarılsın.
Lavrov bunun ardınca da deyib ki, Azərbaycandakı erməni hərbçilər 10 noyabr bəyanatından sonra, noyabrın sonunda saxlanıblar. Lavrov bu mövzuda fikrini belə yekunlaşdırıb: “Erməni hərbçilərin Ermənistana qaytarılması vacib humanitar addım olardı. Biz bu mövqedən çıxış etməyə davam edəcəyik. Əlbəttə ki, yekun qərar bizdən asılı deyil. Biz bütün qarşılıqlı inam tədbirlərini aktiv şəkildə dəstəkləyirik”.
Maraqlıdır ki, Sergey Lavrov bunun qarşılığında Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlılardan, minalanmış ərazilərin xəritəsindən və ya Azərbaycanla Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıması gərəkliyindən bircə kəlmə də deməyib. Məgər hazırda tərəflər arasında yalnız diversant mövzusunda fikir ayrılığı var?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Lavrov daima ermənilərin maraqlarını qorumaqla məşğul olur: “Bir sözlə, demək olar ki, Rusiya hakimiyyətində erməni maraqlarına lobbiçilik edən bir nömrəli şəxsdir. Artıq bu məsələ açıq kontekstə keçib. Fikirimcə, rəsmi Bakı bununla bağlı sərt narazılığını bildirməlidir. Rusiyanın diqqətinə çatdırılmalıdır ki, həmin ölkə arbitr yox, ermənilərin baş məşqçisi rolunda çıxış edir. Bu da gözlənilən idi. Rusiyanın bütün addımları göstərir ki, onlar erməniləri himayə edir. Üstəlik, həmin ölkəni sürətli şəklildə silahlandırırlar. Azərbaycan gedişatları öz xeyrinə çevirməyi düşünməlidir. Ən azından, rus sülhməramlıları olan ərazilərdə öz yurisdiksiyasını bərpa etməlidir. Azərbaycanın bundan başqa yolu qalmır. Rusiya Ermənistanı Azərbaycanla daha genişmiqyaslı müharibəyə təhrik etsə, bu hərbi əməliyyatlar Ermənistanın ərazisinə keçməlidir. KTMT-ni əsas gətirib Rusiyadan ehtiyat etmək lazım deyil. Azərbaycanın da yanında Türkiyə, Pakistan kimi ölkələr var. Əslində Lavrov danışılması vacib olan mətləblərə işarə etməliydi. Hazırda onların özünün də imzası ilə təsdiqlədiyi Zəngəzur dəhlizi açılmayıb. Laçın dəhlizindən kimi gəldi Qarabağa buraxırlar. Erməni silahlı birləşmələri hələ də Qarabağda qalıb”.
Politoloqun sözlərinə görə, biz də Rusiya ilə bağlı fikirlərimizi açıq ifadə etməliyik: “Prezident İlham Əliyev son müsahibələrindən birində Rusiyanın vasitəçiliyi ilə Azərbaycana verilən mina xəritələrinin böyük hissəsinin saxta olduğunu vurğuladı. Lavrov etiraf edib ki, Azərbaycan həbsxanalarında saxlanılan erməni hərbçilər Azərbaycana 10 noyabrdan sonra keçiblər. Bu halda onların əsir yox, diversant olduğunu təsdiləyir. Diversantlarla necə davranmaq lazımdırsa, biz elə də edirik. Lavrovun nəzərinə çatdırmaq lazımdır ki, nə vaxt Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişi, o cümlədən sərhədlərin müəyyənləşməsi ilə bağlı sənəd imzalamağa hazır olarsa, onda diversantlarla bağlı məsələyə də baxıla bilər.
Rusiya Müdafiə Nazirliyi son açıqlamalarının birində atəşkəsin Azərbaycan tərəfdən pozulduğuna eyham vurdu, Qarabağdakı hərbçiləri Azərbaycana mesaj anlamı daşıyan təlimlər keçir və indi də Lavrov erməni əsirlərin qeyd-şərtsiz sərbəst buraxılmasından danışır”.
Məhəmmədəli QƏRİBLİ