Gürcüstan, Ermənistan və Azərbaycan arasında əməkdaşlıq Cənubi Qafqazda dayanıqlı sülh və inkişaf üçün vacibdir. Bunu ATƏT-in hazırkı sədri Ann Linde təhlükəsizlik məsələləri üzrə illik konfransda deyib.
O qeyd edib ki, 2020-ci ildə əldə olunmuş atəşkəs ikinci Ermənistan-Azərbaycan Qarabağ müharibəsinə son qoyub və ATƏT regionda öz səylərini bərpa etmək üçün bu məqamdan istifadə etməlidir.
A.Linde qeyd edib ki, qalan problemlərin uzunmüddətli həllini tapmaq çox vacibdir.
Gürcüstan, Ermənistan və Azərbaycan arasında əməkdaşlığın vacibliyini vurğulayan sədr bildirib ki, əməkdaşlıq məsələləri infrastruktur, rabitə və ətraf mühit kimi sahələri əhatə edə bilər: “Mənim Xüsusi nümayəndəm hər üç ölkə ilə əməkdaşlıq edir və biz tərəflərin konstruktiv yanaşmasını qiymətləndiririk”.
Yeri gəlmişkən onu da qeyd edək ki, bu günlərdə Prezident İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində üçtərəfli əməkdaşlığa toxunub və bunun üçün ilkin addımların atılmasının vacibliyini qeyd edib: “Ümumilikdə, Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasında üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır, biz buna hazırıq”.
O üzdən yaxşı olardı ki, xanım Linde üçtərəfli əməkdaşlıq barədə danışarkən bunun mexanizminin nədən ibarət olduğunu bəyan edəydi. Bəli, üçtərəfli əməkdaşlıq sülhə xidmət edir, amma bunun mexanizmi necə olmalıdır?
“Yenə Ermənistan inciyər deyə, bunlar susur...”
Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, bir sıra beynəlxalq təşkilatlar ümumi çağırışlar səsləndirməklə işini bitmiş hesab edir: “Təəssüflər olsun ki, ATƏT-in də timsalında biz bunu görürük. ATƏT təşkilat olaraq Cənubi Qafqazda uzun illərdir fəaliyyət göstərir. O cümlədən, Azərbaycanla Ermənistan arasında münasibətlərin necə gərgin olduğunu bu illər ərzində yaxından izləyib. Həmçinin, ATƏT-in Minsk Qrupu, nəticəsiz olsa da, uzun illər tərəflər arasında vasitəçilik edib. O da məlumdur ki, Azərbaycan Ordusu apardığı uğurlu hərbi əməliyyatlar sayəsində regionda tamamilə yeni reallıqlar yaradıb. Belə olan halda, əlbəttə ki, yaxşı olardı ATƏT sədri Ann Linde əməkdaşlıqla bağlı ümumi təkliflər yox, konkret mexanizmlər irəli sürsün. İlkin olaraq hansı addımların atılmasının zəruri olduğunu önə sürsün. Təəssüflər olsun ki, biz bunu görmürük. Yenə Ermənistan inciyər deyə, bunlar susur. Hər kəsə məlumdur ki, əməkdaşlığın başlıca şərti Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından keçir. Nəzərə almaq lazımdır ki, ATƏT-in funksiyası həm də müəyyən təkliflərin mexanizmini hazırlamaqdır. Çünki beynəlxalq statusa malik olan bir təşkilatdır. Ancaq təəssüflər olsun ki, bu yöndə biz hansısa təşəbbüs, ilkin fəaliyyət görmürük. Bu baxımdan ATƏT sədrinin regional əməkdaşlıqla bağlı ümumi fikirlər səsləndirməsini yetərli hesab etmirəm”.
V.Rəhimzadə hesab edir ki, konkret həll mexanizmi olmadan ümumi işə töhfə vermək çətin olacaq.
Vidadi ORDAHALLI