“ATƏT regionda öz səylərini bərpa etmək üçün məqamdan istifadə etməlidir”. Bunu ATƏT-in hazırkı sədri Ann Linde təhlükəsizlik məsələləri üzrə illik konfransda deyib.
ATƏT sədri qeyd edib ki, 2020-ci ildə əldə olunmuş atəşkəs ikinci Ermənistan-Azərbaycan Qarabağ müharibəsinə son qoyub və ATƏT regionda öz səylərini bərpa etmək üçün məqamdan istifadə etməlidir.
A.Linde hesab edir ki, qalan problemlərin uzunmüddətli həllini tapmaq çox vacibdir. Gürcüstan, Ermənistan və Azərbaycan arasında əməkdaşlığın vacibliyini vurğulayan sədr bildirib ki, əməkdaşlıq məsələləri infrastruktur, rabitə və ətraf mühit kimi sahələri əhatə edə bilər: “Mənim Xüsusi nümayəndəm hər üç ölkə ilə əməkdaşlıq edir və biz tərəflərin konstruktiv yanaşmasını qiymətləndiririk”.
Görünən odur ki, A.Linde ATƏT-in öz səylərini bərpa etməsinə xüsusi önəm verir. Maraqlıdır, o bununla nə demək istəyir?
“Bu yöndə Azərbaycana müəyyən təzyiqlərin olması müşahidə edilir”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, ATƏT sədrinin bununla nəyi demək istəməsi yetərincə aydındır: “Burada söhbət ATƏT-in Minsk Qrupunun yenidən aktiv vasitəçiliyə başlamasından gedir. Qərbdəki bütün dairələr sanki bunun üzərində fokuslanıblar. İlk əvvəl ABŞ və Fransa rəsmiləri müxtəlif səviyyələrdə bunu gündəmə gətirməyə başladılar. Avropadakı bir sıra qurumlar əsasən Birləşmiş Ştatların maraqlarından çıxış edirlər. Təəssüf doğuran məqam odur ki, Qərbi təmsil edən aparıcı ölkələrin mövqeləri Minsk Qrupu məsələsində uzlaşır. Bu yöndə Azərbaycana müəyyən təzyiqlərin olması müşahidə edilir. Bir növ, bütün vasitələrlə çalışırlar ki, Azərbaycanı buna məcbur etsinlər. Baxmayaraq ki, enerji və nəqliyyat dəhlizləri məsələsində Azərbaycan davamlı olaraq Avropanın maraqlarını nəzərə alır, amma bütün bunların qarşılığında biz təcavüzkar Ermənistana münasibətdə gərəkən diqqəti görmürük. Əksinə, Qərbin dişsiz siyasəti üzündən Rusiyanın Cənubi Qafqazda təsir imkanları genişlənir. Təəssüf doğuran məqam həm də odur ki, Qərb Minsk Qrupunun 30 illik uğursuz fəaliyyətini, bunu doğuran səbəbləri təftiş etmir. Regionun geosiyasi vəziyyətini və bundan irəli gələn reallıqları nəzərə almaq istəmir. Bu isə son nəticədə bəzi məsələlərin həllini yubadır. Məğlub Ermənistanın vaxt qazanmasına və toparlanaraq yenidən təcavüzkar mövqedən çıxış etməsinə zəmin yaradır. Bax, problem bundadır”.
O üzdən partiya sədri hesab edir ki, Azərbaycan geri addım atmamalıdır.
Vidadi ORDAHALLI