Ermənistan parlamentinin 20-dən çox deputatı Qarabağa, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi əraziyə gəlib.
Erməni mediasının yaydığı məlumata görə, onlar qondarma rejimin “yaranmasının” 30 illiyi ilə bağlı “tədbirə” qatılacaqlar.
Deputatlar arasında parlamentin hər 3 fraksiyasının - “Şərəf duyuram”, “Ermənistan” və “Vətəndaş Müqaviləsi” - üzvləri var. Gələn deputatlar arasında parlamentdə müxalifət fraksiyasını təmsil edənlər üstünlük təşkil edir. O da məlum olub ki, bir müddət əvvəl özünü “Dağlıq Qarabağ parlamentinin spikeri” adlandıran Artur Tovmasyan İrəvana səfəri zamanı Ermənistan parlamentinin fraksiya rəhbərlərinə “müstəqillik tədbirinə dəvət” çatdırıb. Tovmasyan onları inandırıb ki, Ermənistandan gələn qonaqlara qarşı hansısa demarşlar və etiraz aksiyaları olmayacaq.
Bütün hallarda, Ermənistan parlament üzvlərinin Qarabağa qanunsuz səfəri separatizmin dəstəklənməsinə hesablanıb. Bununla yanaşı, indiki situasiyada Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına aid olan ərazilərdə hansısa qondarma “müstəqilliyin” qeyd edilməsi, şübhəsiz ki, rəsmi Bakıda sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı yeni suallar yaradacaq. Nəzərə alsaq ki, Qarabağda separatçıların olduğu ərazi sülhməramlıların məsuliyyət zonasına daxildir, o zaman belə qanunsuz səfərlərin baş tutmasına görə onlar məsuliyyət daşıyır. O zaman sülhməramlılar niyə susur? Niyə buna mane olmurlar?
“İstənilən halda, Azərbaycan buna görə öz etirazını bildirməlidir”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynov bunu Kremlin riyakar siyasəti ilə əlaqələndirdi: “Məsələ ondadır ki, 10 noyabr razılaşmasından sonra Rusiya ənənəvi olaraq ikili siyasətini davam etdirir. Razılaşmadan kənara çıxaraq səlahiyyətinə daxil olmayan məsələlərlə məşğul olur. Məsələn, ermənilərin yaşadığı şəhər və kəndlərdə sosial proqramlar həyata keçirir. Hər vasitə ilə çalışır ki, daha çox erməni Qarabağa qayıtsın. Erməni deputatların Qarabağa qanunsuz səfərinə icazənin verilməsi Kremlin təlimatıdır. Yoxsa sülhməramlılar bu barədə təkbaşına qərar verə bilməz. Əslində sülh prosesinə xələl gəlməsin deyə, sülhməramlılar buna mane olmalı idi. Ən azından, tərəflər arasında etimad mühitinin gücləndirilməsi baxımından belə bir addımın atılması vacib idi. Ancaq görünən odur ki, Rusiya bunu etmək istəyində deyil. Bu isə onu göstərir ki, Rusiya separatçıları bu və ya digər formada dəstəkləyir. Eyni zamanda, Ermənistanı özündən incik salmaq istəmir. Kreml Qarabağda separatizm fəaliyyətinə birdəfəlik son qoyulmasını istəmir. Çünki bu baş versə, o zaman sülhməramlıların orada qalmasına ehtiyac olmayacaq. İstənilən halda, Azərbaycan buna görə öz etirazını bildirməlidir. Həm rəsmi, həm də digər səviyyələrdə”.
Partiya sədri onu da qeyd etdi ki, bütün hallarda məsuliyyət rus sülhməramlıların üzərinə düşür.
Vidadi ORDAHALLI