Məlum olduğu kimi, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri qarşı tərəfin təxribat fəaliyyətinə dərhal adekvat cavabın verilməsi, qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin praktiki məşq etdirilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlar verib. Azərbaycan Ordusunda planlaşdırılan tədbirlərə toxunan general-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdəki bölmələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun yaradılması, dağ yollarının çəkilməsi və onların daim işlək vəziyyətdə saxlanılması, bölmələrin qışa hazırlığının təmin edilməsi ilə bağlı müvafiq göstərişlər verib.
Nazirin indiki məqamda belə bir əmir verməsi iki səbəbdən diqqəti çəkir. Birincisi, o bu günlərdə Türkiyədə həmkarı Hulusi Akarla görüşdü və Qarabağdakı vəziyyəti də müzakirə etdi. İkincisi, əmr sentyabrın 2-dən, yəni separatçıların qondarma “müstəqillik günü” keçirəcəyi tarixdən öncə verildi. Bu iki məqamdan çıxış edərək ehtimal etmək olarmı ki, sentyabrın 2-si ilə əlaqədar ordu mümkün siyasi və hərbi təxribatlara hazır vəziyyətə gətirilir?
“İstənilən təxribat xarakterli addımın qarşısı qətiyyətlə alınacaq”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, indiki məqamda Azərbaycan Ordusunun Qarabağda xidməti vəzifəsini həyata keçirən şəxsi heyəti bir nömrəli döyüş hazırlığı vəziyyətində olmalıdır: “Regionda gedən siyasi-hərbi proseslər bunu tələb edir. Çünki Qarabağda, Azərbaycan-Ermənistan sərhədində proseslərin gərgin bir fazada inkişaf etməsi və digər məsələlər ordumuzun bir nömrəli döyüş hazırlığına gətirilməsini aktuallaşdırır. Nəzərə almalıyıq ki, ümumən vəziyyət o qədər də yaxşı deyil. Nə mənada? O mənada ki, erməni tərəfi tez-tez müəyyən təxribatlara əl atır, vəziyyəti daim gərgin durumda saxlamağa çalışır. Bir tərəfdən sülhməramlılar, digər tərəfdən erməni silahlı qüvvələri, o biri tərəfdən revanşistlərin təxribat xarakterli çağırışları bizi daim hər şeyə hazır olmaq zorunda qoyur. Ermənistanda siyasi vəziyyət sabitləşməyib. Gorus-Qafan yolunda yaşananlar, sərt reaksiyalarla müşahidə olunan proseslər ordunu bir nömrəli döyüş hazırlığı vəziyyətinə gətirmək üçün əsas verir. O da məlumdur ki, separatçılar 2 sentyabrda müəyyən tədbirlər keçirməyə hazırlaşırlar. Onlar hesab edirlər ki, rus sülhməramlıları Qarabağda olduğu üçün istədiklərini edə biləcəklər. Ancaq bu əsla onların düşündüyü kimi olmayacaq. İstənilən təxribat xarakterli addımın qarşısı qətiyyətlə alınacaq”.
Hərbi ekspert hesab edir ki, erməni tərəfi ərazilərimiz işğal altında olduğu dövrlərdə olduğu kimi istədiyini edə bilməyəcək.
Vidadi ORDAHALLI