İşğaldan azad edilən ərazilərdə Birinci Qarabağ müharibəsinə aid kütləvi məzarlıqların aşkarlandığı məlumdur. Bu günlərdə aşkarlanan həmin məzarlıqlarda insanlar kütləvi şəkildə dəfn edilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov jurnalistlərə deyib ki, kütləvi məzarlıqların beynəlxalq təşkilatların iştirakı ilə açılması nəzərdə tutulur.
İ.Axundov həmçinin bildirib ki, həmin məzarlıqlarda olan meyit qalıqlarının ekshumasiyası və identifikasiyası istiqamətində müvafiq tədbirlər görüləcək.
Beynəlxalq təşkilatların bu prosesə cəlb olunması nə kimi nəticələr verə bilər?
“Bu həm də dünya birliyinin erməni faşizminə, nəhayət ki, tələb olunan qiyməti verməsi baxımından çox əhəmiyyətli olar”
Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağı bizimlə söhbətində bildirdi ki, Ermənistanın faşizm siyasətinin beynəlxalq aləmdə ifşası üçün toplu məzarlıqların açılmasına beynəlxalq təşkilatların cəlb olunması mütləqdir. “İşğaldan azad olunan ərazilərdə toplu məzarlıqların tapılması gözlənilən idi. Bununla bağlı müəyyən fikirlər də səsləndirilirdi. Çünki Birinci Qarabağ müharibəsinin gedişində itkin düşdüyü hesab olunan 4 minə yaxın insan vardı. Son məlumata görə, bunların sayı 3900 nəfərdir. Təxminən belə bir rəqəm səsləndirildi. Toplu məzarlıqların aşkar edilməsi onu göstərir ki, çox böyük ehtimalla, itkin düşmüş hesab olunanların çoxu ermənilər tərəfindən kütləvi qətlə yetirilib. Ermənilər kütləvi şəkildə amansızlıqla qətlə yetirdikləri azərbaycanlıları bir yerdə torpağa basdırıblar. Şahidlərin danışdıqlarına görə, ermənilər bu cür cinayətləri onların gözləri qarşısında həyata keçiriblər. Məsələn, Qaradağlı qətliamı zamanı insanların gözü qarşısında bir-bir insanlarımızı diri-diri quyulara atıb üstlərini torpaqlayırmışlar. Xocalı soyqırımı zamanı insanlarımızın erməni faşistləri tərəfindən kütləvi şəkildə qətlə yetirilərək toplu məzarlıqlarda basdırılması ilə bağlı informasiyalar var. Bizə Xocalı soyqırımı zamanı 613 nəfərin qətlə yetirildiyi məlumdur, amma bunların sayı daha çox ola bilər. Digər istiqamətlərdə də ermənilər öz vəhşi, vandal, faşist xarakterlərinə xas olaraq tükürpədici cinayətlər törədiblər. Torpaqlarımız işğaldan azad edildikdən sonra erməni faşistlərinin, daşnaklarının törətdiyi bu cinayətlər bir daha üzə çıxarılır, təsdiqlənir.
Azad ərazilərdə aşkarlanan kütləvi məzarlıqların beynəlxalq təşkilatların iştirakı ilə açılması düzgün yanaşmadır. Bu toplu məzarlıqlar beynəlxalq təşkilatların nümayəndələrinin gözləri qarşısında açılmalıdır ki, onlar bir daha ermənilərin necə tükürpədici cinayətlər törətdiyinin şahidi olsunlar. Bütün dünya erməni faşizminin qanlı cinayətkar üzünü görməlidir. Bu prosesə ən sanballı, nüfuzlu beynəlxalq təşkilatlar cəlb edilməlidir”.
A.Nağı hesab edir ki, kütləvi məzarlıqların beynəlxalq təşkilatların iştirakı ilə açılması həm erməni faşizminin beynəlxalq səviyyədə ifşasında, həm də ermənilərin mahiyyətinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq. “Bu, dünya birliyinin erməni faşizminə, nəhayət ki, tələb olunan qiyməti verməsi baxımından çox əhəmiyyətli olar. Bu həm də Azərbaycanın hərəkətlərinə beynəlxalq təşkilatların anlayışlı yanaşması üçün vacibdir. Bəzən beynəlxalq təşkilatlar başa düşmür ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib, yenə də ermənilərin hay-küyünə uyurlar ki, Azərbaycan Ermənistanla razılığa gəlməlidir və sair. Amma Ermənistanın bu cür cinayətləri üzə çıxdıqca Azərbaycanın haqlı olduğunu görəcəklər. Əslində bilirlər ki, Azərbaycan haqlıdır, amma etiraf etmirlər. Vaxt gələcək etiraf edəcəklər”-deyə A.Nağı qeyd etdi.
İradə SARIYEVA