Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın bərpası, yenidən qurulması, əvvəlki görkəminə qaytarılması, bütövlükdə bu şəhərin yeni simasının necə olacağı uzun müddətdir ki, müzakirə edilirdi. Şuşanın yeni simasının necə olmasının bu qədər həssaslıqla müzakirə edilməsi başadüşüləndir. Çünki hər birimiz Şuşanın bərpasının, yenidən qurulmasının tam mükəmməl olmasını istəyirik.
Bildiyimiz kimi, uzun müddət idi ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Şuşa şəhərinin Baş Planı hazırlanırdı. Avqustun 29-da Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşanın Baş Planı təqdim olunub.
Məlumat verilib ki, Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə, keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.
Təqdim olunan Baş Planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi bina və abidələrin yerləri də öz əksini tapıb.
Şəhərdə uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometrlik yeni yolun inşası nəzərdə tutulur. Həmçinin şəhərin Baş Planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub. Bu dayanacaqlar elə qoyulacaq ki, şəhərin küçələrinə giriş-çıxışa mane olmasın.
Baş Plan hazırlanarkən, şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur.
Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3,4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək.
Sonra Prezident İlham Əliyev 1-ci məhəllənin təməlini qoyub.
“Şuşanın yeni Baş Planını çox bəyəndim və burada əks olunanlarla tam razıyam”
6 məhəllədən ibarət, ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivinin qurulmasını yüksək qiymətləndirən Azərbaycan Memarlar İttifaqının üzvü, memarlıq namizədi, Qarabağ memarlığı üzrə peşəkar memar Rizvan Qarabağlı “Bakı-Xəbər”ə bildirdi ki, Şuşa şəhərinin yeni Baş Planının fotosu ilə tanışdır. R.Qarabağlı hesab edir ki, Şuşanın yeni Baş Planı müsbət qəbul edilməlidir. Baş Planın əhatəli və məzmunlu olduğunu qeyd edən R.Qarabağlının bildirdiyinə görə, həm yeni yaşayış massivlərinin miqyası, həm məhəllələrin və orada salınacaq bunaların sayı qənaətbəxşdir. “Şuşanın yeni Baş Planı ilə tanış oldum və bir mütəxəssis olaraq bunu müsbət qiymətləndirirəm. Baş Plan çox yaxşıdır və əhatəlidir. Bildiyimə görə, Şuşanın ənənəvi məhəllə forması və şəhərsalma prinsipi və eləcə də memarlıq üslubu saxlanılıb. Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivinin 6 məhəllədən ibarət olması da müsbət haldır. Hər şey ölçülüb-biçilmiş şəkildə həyata keçirilir. Görürsüz ki, Molla Pənah Vaqifin məqbərəsi də olduğu kimi bərpa edilib, Bülbülün ev muzeyi də həmçinin. Mən Şuşanın yeni Baş Planını çox bəyəndim və burada əks olunanlarla tam razıyam. 3-4-5 mərtəbəli yaşayış binalarının salınması Şuşanın memarlıq quruluşuna tam uyğundur. Biz çox yaxın vaxtlarda böyük tarixi, siyasi, strateji, mədəni əhəmiyyəti olan Şuşanı öz sakinləri ilə baş-başa görəcəyik. Məhəllələr salındıqdan, binalar inşa edildikdən sonra şuşalılar bura qayıdacaqlar və əbədi olaraq burada yaşayacaqlar. Hər məhəlləyə 2000-dən artıq şuşalının köçürülməsi müsbət haldır və hamı öz ocağına qayıdacaq. Şuşanın yeni Baş Planını çox bəyəndim və burada əks olunanlarla tam razıyam”-deyə R.Qarabağlı bildirdi.
İradə SARIYEVA