“Üçtərəfli bəyannamədə razılaşdırıldığı kimi, bütün bölgəni birləşdirməklə Cənubi Qafqazı dəyişdirən yeni imkanlar formalaşacaq”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina və Monteneqroya səfərdən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Ərdoğan qeyd edib ki, hazırda sülhü və sabitliyi daimi etməli, iqtisadi inkişaf və regional əməkdaşlıq üçün şərait yaradılmalıdır: “Azərbaycan da oxşar anlayışla Ermənistanla hərtərəfli sülh sazişi üçün danışıqlara başlamağı təklif edir. Üçtərəfli bəyannamədə razılaşdırıldığı kimi, bütün bölgəni birləşdirməklə Cənubi Qafqazı dəyişdirən yeni imkanlar formalaşacaq. Bu tarixi fürsətdən yaxşı istifadə etmək istəyən bütün tərəflərlə işləməyə hazırıq. 5 və ya 6 platforma tövsiyəmiz var. Bu platformaya Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistan daxildir. Hətta dedik ki, bura Gürcüstanı da daxil etməliyik. Platforma bu şəkildə qəbul olunsaydı, düşünürəm ki, bölgə daha rahat olardı”.
Burada diqqətçəkən məqam “altılıq platforması”nın formatının dəyişdirilə biləcəyidir. Bu məsələyə Prezident İlham Əliyev Ərdoğandan daha əvvəl toxunub. Belə ki, ölkə başçısı “CNN Türk” televiziya kanalına müsahibəsində altılıq formatındakı problemlərə toxunub: “Mən bilirəm ki, Gürcüstan tərəfi buna hazır deyil. Çünki Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. Bu, Gürcüstanın mövqeyidir, biz bu mövqeyə hörmətlə yanaşmalıyıq. Amma buna baxmayaraq, regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə risqinin sıfıra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir”.
Belə məlum olur ki, Gürcüstan 6-lıq platformasında iştirak etməməkdə qərarlıdır. Ancaq görünür, tərəflər Gürcüstanı razı salmaq üçün vaxt itirmək istəmir və “beşlik” platformasını gündəmə gətirirlər.
“Gözləmə mövqeyi tutmaq region dövlətlərinin ümumi maraqlarına, bölgənin ümumi inkişafına uyğun deyil”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, regional əməkdaşlıqla bağlı bu cür dinamik yanaşma səğriləmək Prezident İlham Əliyevin uzaqgörən dovlət xadimi olmasından irəli gəlir: “Çünki ölkə başçısı regionda və dünyada siyasi konyunkturanı çox gözəl bilir. Vaxt amilini düzgün dəyərləbdirməyi bacaran azsaylı siyasətçilərdən biridir. Təsadüfi deyil ki, cənab Prezident bir neçə dəfə çıxışlarında ən böyük rəqibin zaman olduğunu qeyd edib. O çox yaxşı bilir ki, Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər yoxdur. Məlum səbəblərdən iki ölkə arasında münasibətlərin yaxın dövrdə nizamlanacağı da real görünmür. Ən azı ona görə ki, Rusiya Gürcüstandakı separatçı qurumların “müstəqilliyini” tanıyıb. Bu baxımdan Gürcüstan Rusiyanın da yer alacağı platformada olmaq istəmir. Ancaq bütün bunlar o demək deyil ki, biz gözləmə mövqeyində olmalıyıq. Təbii ki, gözləmə mövqeyi tutmaq region dövlətlərinin ümumi maraqlarına, bölgənin ümumi inkişafına uyğun deyil. Nəzərə alsaq ki, 10 noyabrdan sonra yeni reallıqlar yaranıb, o zaman bu imkanlardan maksimum səmərəli istifadə edilməlidir. Çünki sabah belə bir fürsət olmaya da bilər. Bu baxımdan əməkdaşlığın 5-lik formatında qurulması istisna olunmur”.
Şərqşünas onu da qeyd edib ki, regional əməkdaşlığın yeni format çərçivəsində qurulması ehtimalı böyükdür.
Vidadi ORDAHALLI