Dağlıq Qarabağın separatçı qurumları Ağdərədə "sərhəddən qanunsuz keçən Azərbaycan hərbçisinin saxlanıldığını" iddia ediblər. Onların yaydığı bəyanatlarda bildirilir ki, Cəmil Babayev, güya “Artsax”ın sərhədlərini qanunsuz keçib. Qondarma "Dağlıq Qarabağ Prokurorluğu" Mardakertdə (Ağdərə) mənzilə qanunsuz daxil olan şəxsin Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Cəmil Babayev olduğunu bildirib.
"Artsax Respublikası" polisi, "Milli Təhlükəsizlik Xidməti"nə daxil olan əməliyyat məlumatları və vətəndaşlarımızın sayıqlığı sayəsində avqustun 25-də şəhərin Teryan küçəsindəki mənzillərdən birində tapılıb" - deyə xəbərdə iddia olunur.
Azərbaycan 44 günlük müharibə ilə sübut etdi ki, heç bir “Artsax” adlı qurumdan söhbət gedə bilməz. Ancaq biz görürük ki, onların bəzi qalıqları həmin bölgədəki Rusiya sülhməramlılarına sığınaraq, öz separatçı niyyətlərini davam etdirirlər, hətta özləri üçün sərhədlər də müəyyən edirlər. Separatçı tör-töküntülərinin bu azğınlığına kim məsuliyyət daşıyır? Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan rəsmi şəklidə “Dağlıq Qarabağ” adlanan inzibati ərazi bölgüsünü ləğv edib: “Bilirsiniz ki, Qarabağ iqtisadi raonunun yaranması ilə bağlı Prezident sərəncam verib. İqtisadi rayon inzibati ərazi bölgüsü sayılmır. Dəfələrlə bildirmişəm ki, Azərbaycanın inzibati ərazi bölgüsündə dəyişiklik edilməlidir. Biz iri inzibati ərazi vahidləri yaratmalıyıq. Qarabağı da həmin inzibati ərazi vahidlərindən birinə aid etməliyik. Yəni Qarabağ adlı inzibati ərazi vahidi mütləq yaranmalıdır. Bu elə həmin iqtisadi rayonun hüdudlarında baş tuta bilər. Azərbaycan əsgəri erməni və rusların nəzarətində olan ərazidə həbs edilib və ona cinayət işi açılıb. Təbiidir ki, bu, Azərbaycana meydan oxumaqdır. Bizim indiyə qədər atdığımız addımlara, verilən bəyanatlara qarşı olan bir demarşdı. Bizim 44 günlük müharibədə qazandığımız qələbəni dəyərdən salmaq cəhdidir. Düşünürəm ki, bu məsələ barədə maksimum kəskin mövqe tutulmalıdır. Sülhməramlılardan tələb olunmalıdır ki, qısa müddətdə Azərbaycan əsgərini geri təhvil versinlər. Özlərinə hansısa müstəqil qurum adını verənlərə bir daha xəbərdarlıq olunmalıdır. Hətta onları cəzalandırmaya da getmək olar. Xüsusi təyinatlılarımızın burada əməliyyatı da ola bilər. Həmin adamların yadına bir daha salınmalıdır ki, 44 günlük müharibədə nə oldu və bügünkü reallıq nədən ibarətdir”.
Partiya sədri hesab edir ki, bu hadisə Azərbaycanın nüfuzuna çox böyük zərbədir: “Azərbaycanın əleyhdarına çox böyük meydan vermədir ki, onlar aktiv şəkildə hərəkət edirlər. Onlar reallıqları anlamalıdırlar. Azərbaycanda bir qrup siyasətçi var ki, onların əlinə bu hadisə ilə bağlı bir fürsət düşür. Hətta belə fikirlər səsləndirirlər və sual edirlər: bəs deyirdiniz ermənilər təslim oldu? Məhz buna görə hakimiyyət ciddi addımlar atmalıdır. Eyni zamanda Monitorinq Mərkəzi də ciddi mövqe ortaya qoymalıdır. Yoxsa vəziyyət gərginləşməkdə davam edəcək və hansı nəticələrə gətirib çıxaracağını söyləmək həddindən artıq çətindir”.
Məhəmmədəli QƏRİBLİ