“Füzuli aeroportu Qarabağın hava qapısıdır”. Bu fikri Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə növbəti səfər zamanı Füzuli Beynəlxalq Hava Limanı barədə danışarkən bildirib.
Birinci vitse-prezident Mehriban Əliyevanın Füzuli Beynəlxalq Hava Limanına gedərkən çəkdiyi videogörüntüdə dövlət başçısı deyir: "Füzuli Beynəlxalq Hava Limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir, qarşıda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində hava limanı, demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum, indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır"
Maraqlıdır, Fizuli hava limanının Qarabağın hava qapısı olması nə deməkdir?
“Füzuli hava limanı Qarabağın hava qapısı sayılır, çünki aeroport həm Qarabağ, həm də dünya ilə hava əlaqəsinin qurulmasına imkan verəcək”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Fizüli hava limanı işğaldan azad olunmuş ərazilərin, xüsusən də Qarabağın bərpası, yenidən qurulması, inkişaf etdirilməsi baxımından vacib infrastruktur layihəsidir: “İşğaldan azad edilmiş ərazilərdə 3 hava limanının inşası nəzərdə tutulub. Hava limanının biri Qarabağda, digər ikisi isə Şərqi Zəngəzurda yerləşəcək. Bu baxımdan Füzuli hava limanı Qarabağın hava qapısı sayılır. Füzulu hava limanı həm Qarabağ, həm də dünya ilə hava əlaqəsinin qurulmasına imkan verəcək. Bu, Qarabağın potensialının reallaşdırılması infrastruktur layihəsidir. Nəzərə almaq lazımdır ki, Qarabağa, xüsusən də Şuşa şəhərinə gəlmək istəyən yerli və xarici turistlərin sayı kifayət qədər çoxdur. Adıçəkilən hava limanı turizmin inkişafına töhfə verəcək”.
Millət vəkilinin sözlərinə görə, Qarabağda istehsal olunmuş məhsullar Füzuli hava limanı vasitəsilə digər ölkələrə ixrac olunacaq. Hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir: “İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzuli hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir”.
Günel CƏLİLOVA