Lion Apellyasiya Məhkəməsi 2015-ci ildə erməni lobbisinin təhriki ilə əhalisinin əksəriyyəti erməni mənşəli fransızlar olan Sent-Etyen, Burq-le-Valans, Desin-Şarpyö şəhərlərinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa və Xocavənd şəhərləri ilə qanunsuz imzalanmış əməkdaşlıq xartiyasına son qoyub. Artıq bir neçə ildir mübahisəli olan məhkəmə işi başa çatıb. Ermənilər əməkdaşlıq xartiyasının saxlanmasına çalışsalar da, Apellyasiya Məhkəməsi imzalanmış sənədin qeyri-qanuni olduğunu qətiyyətlə bildirib və əməkdaşlıq sənədini ləğv edib. Həmçinin, ermənilər məhkəmə xərclərini də ödəməli olublar. Qeyd edək ki, 2013-cü ilin iyun ayından etibarən Fransanın bir sıra yerli hakimiyyət orqanlarının rəhbərləri (əsasən erməni icmasının çox olduğu regionlar - Ile de France, Rhone-Alpes, Alpes-Provence-Cote-d’Azur) Qarabağın işğal olunmuş ərazilərinin separatçı nümayəndələri ilə əməkdaşlıq haqqında 28 qeyri-qanuni sənəd (nizamnamə, bəyannamə, bəyanat, saziş və xartiya) imzalamışdılar. Paytaxtı Lion şəhəri olan və daha çox erməni məskunlaşmış Overn-Ron-Alp regionu ilə belə 15 qanunsuz sənəd imzalanıb. Azərbaycanın Fransadakı səfirliyi bu qanunsuz sənədlərin ləğvi istiqamətində iş apararaq, məhkəmələrə müraciət edib. Lion Apellyasiya Məhkəməsinin ləğv etdiyi xartiyalar məhz bu regionun 3 şəhəri ilə imzalanıb. İşğal altında olmuş Şuşada (2014-cü il oktyabrın 5-də Burq-le -Valans və 2018-ci il oktyabrın 21-də Sent-Etyen) və Xocavənddə (2017-ci il sentyabrın 25-də Desin- Şarpi) separatçı rejimin nümayəndələri ilə qanunsuz dostluq xartiyaları imzalanmışdı. Fransadakı səfirliyimizin apardığı işlər nəticəsində Qrenobl (2019-cu il 6 iyun) və Lion (2019-cu il 19 sentyabr) İnzibati məhkəmələri bu qanunsuz sənədləri ləğv edib.
“Erməni icmasının təzyiqi altında bələdiyyə başçıları apellyasiya şikayəti verdilər və rəsmi bildiriş aldıq ki, Lion İnzibati Apellyasiya Məhkəməsi hər üç şikayəti rədd edib və əvvəlki ləğv qərarlarını qüvvədə saxladı”, - deyə səfir Rəhman Mustafyev vurğulayıb. O qeyd edib ki, bütün qanunsuz sənədlərin ləğv edilməsi səfirliyin prioritet vəzifəsi olub, ancaq ölkəmizin mənəvi paytaxtı olan Şuşa xüsusi mövzu olub. Yerli daşnakların və ASALA üzvlərinin satqın fransız siyasətçiləri ilə birlikdə torpaqlarımızın işğalını qanuniləşdirməsinə yol verə bilmərik. Azərbaycanın qazandığı bu uğuru necə qiymətləndirmək olar?
“Biz istərdik ki, Fransa femidasının bu obyektivliyindən onun hökuməti də özünə pay götürsün”
Politoloq Rəşad Bayramov qəzetimizə bildirdi ki, Fransadakı səfirliyimizin səyi nəticəsində bu, qazandığımız ilk hüquqi qələbə deyil: “İndiyə kimi Fransanın müxtəlif instansiya məhkəmələri tərəfindən 10 qanunsuz sənəd artıq ləğv edilib. Onlardan 4-ü apellyasiya şikayəti əsasında rədd edilib, 3 qanunsuz sənəd məhkəmədə baxılır, digər qanunsuz sənədlərlə əlaqədar işlər davam edir. Xüsusilə də, 44 günlük müharibədə Azərbaycanın qələbəsi dünyadakı erməni mifini dağıtmaq istiqamətində bizi daha da ruhlandırıb. Çünki post-müharibə dönəminin tələblərindən biri də məhz diplomatik, informasiya, hüquqi müstəvilərdə aparılan mübahisələrlə bağlı olacaq. Məğlubiyyəti həzm edə bilməyən fransadakı erməni lobbisinə Lion Apellyasiya Məhkəməsi daha bir məğlubiyyət yaşadıb. Bu bizim üçün xüsusilə böyük önəm daşıyır. Çünki biz erməniləri onların diasporunun ən güclü olduğu Fransada məğlub etmişik. Prinsipiallığın fayda verdiyinin şahidiyik. Bu səbəbdən də dünyadakı bütün diaspor təşkilatlarımız və səfirliklərimiz bu hadisədən örnək götürüb, daha fəal mübarizəyə girişməlidir. Erməni diasporunun hardasa güclü olması bizi qətiyyən ruhdan salmamalıdır. Haqq və ədalət kimin tərəfindədirsə, gec və ya tez qələbə də onun olacaq. Biz bunu 30 illik işğaldan sonra gördük. Biz istərdik ki, Fransa femidasının bu obyektivliyindən onun hökuməti də özünə pay götürsün. Bu örnəyi əsas tutub, Ermənistana əsassız dəstək verməsin”.
Məhəmmədəli QƏRİBLİ