“1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaradılmasının heç bir əsası yox idi”.
Bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə deyib
Dövlət başçısının sözlərinə görə, XX əsrin 20-ci illərində xalqımıza iki böyük zərbə vuruldu: “Birincisi, 1920-ci ildə. O vaxt sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra o bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar. İkinci isə 1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaradılmasının heç bir əsası yox idi. Nə tarixi əsası var idi, nə coğrafi əsası var idi, nə də iqtisadi əsası var idi. Heç bir əsası yox idi. Sadəcə olaraq, bizim canımıza süni bir cisim yeridildi ki, bir canlı bomba kimi orada dursun və vaxtında partlasın. Belə də oldu. 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Onun da mərkəzi şəhəri bizim Xankəndi qəsəbəmiz olmuşdu. Ona da cəllad Stepan Şaumyanın adını verdilər, Stepanakert adlandırdılar. Xalqımıza iki böyük zərbə dəymişdi”.
“Bolşevik Rusiyası məqsədyönlü şəkildə Qarabağda ermənilərə süni muxtariyyət verdi”
O da məlymdur ki, erməni separatçıları məhz Dağlıq Qarabağa verilən status sayəsində 1988-ci ildən başlayaraq bir sıra mənfur əməllərini həyata keçirməyə başladılar. Status amilindən çox məharətlə istifadə etdilər. Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyevin sözlərinə görə, SSRİ dönəmində bizim tarixçilərin bununla bağlı obyektiv yazmağına imkan verilmədi: “Ermənilərə isə əksinə, şərait yaratdılar. Nəticədə ermənilər saxta fikirlərlə çıxış edərək Qarabağın tarixinə dair çoxsaylı kitablar yazdılar. Belə uydurma rəy formalaşdırırdılar ki, guya 1923-cü ildə Dağlıq Qarabağa muxtariyyət statusu vermək zəruri idi. Bizim tarixçilər onların bu uydurmalarına cavab verirdilər, amma onların çoxu çap olunmurdu. Sovet dönəmində azərbaycanlıların Qarabağ barədə yazdıqlarını çox vaxt çap etmirdilər. Adını da belə qoyurdular ki, ədavət yaratmayın. Ancaq bizdən fərqli olaraq, ermənilər hər şey yazırdılar. Çünki onlara məhdudiyyət qoyulmurdu. Halbuki, onların yazdıqlarının çoxu saxta, yalan və ümumiyyətlə uydurma idi. O baxımdan Prezident İlham Əliyev haqlı olaraq bu məsələni qaldırır. Bəli, 1923-cü ildə DQMV-nin yaradılmasının nə tarixi, nə coğrafi, nə iqtisadi və nə də digər əsası var idi. Bunu ona görə yaratmışdılar ki, haçansa Qarabağı Azərbaycandan qoparsınlar. Hamı bilir ki, XIX əsrin əvvəllərindən ermənilər Qarabağa köçürülüb. Onlar yerli və aborigen xalq deyil. Onların sonradan gəlməsi ilə bağlı çoxsaylı arxiv sənədləri var. Yer adlarında bir dənə də erməni toponimi yoxdur. Arxeoloji qazıntılarda da hansısa erməni izlərinə rast gəlinməyib. Sadəcə, bolşevik Rusiyası məqsədyönlü şəkildə Qarabağda ermənilərə süni muxtariyyət verdi. Bu, imperiya siyasətinin nəticəsi idi. Mərhum prezident Heydər Əliyev də çıxışlarında demişdi ki, Dağlıq Qarabağa Muxtar Vilayət statusunun verilməsi ora qoyulan bomba idi. O haçansa partlamalı idi. Bütün bunların hamısı Azərbaycan xalqı üçün çox böyük bəlalar gətirdi. Çoxsaylı Azərbaycan vətəndaşı öldürüldü. Yüzminlərlə soydaşımız didərgin salındı, rayonlar xarabazarlığa çevrildi, qaçqın və məcburi köçkünlər olmazın məhrumiyyətlərə düçar oldular”.
Professor onu da qeyd etdi ki, bütün bu baş verənlərdən biz ciddi tarixi dərs çıxarmalıyıq.
Vidadi ORDAHALLI