“Ermənistanı müstəqil ölkə adlandırmaq tamamilə əsassızdır”. Bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə deyib.
Dövlət başçısı bildirib: “Bu gün Ermənistan artıq açıq etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, öz sərhədlərini özü qoruya bilmir, öz hesabına yaşaya bilmir. Belə olan halda müstəqillikdən söhbət gedə bilməz. Ermənistanı müstəqil ölkə adlandırmaq tamamilə əsassızdır. Çünki müstəqil ölkəyə xas olan əlamətlərin mütləq əksəriyyəti Ermənistan dövlətində yoxdur. Bunun da səbəbi onların işğalçılıq siyasətidir. Əgər vaxtında mənim sözlərimə əməl edib torpaqlarımızdan çıxsaydılar, belə bir rəzil vəziyyətə düşməzdilər. Nəticədə yenə də mənim sözlərimə əməl etməli oldular. Mən deyirdim ki, bizim torpağımızdan rədd olmalısınız. Rədd oldular. Nəticədə mən deyən oldu, amma vaxt itirdilər. Bu gün Ermənistan nə gündədir, hər kəs bunu görür. Əlbəttə, acı məğlubiyyətin şokunu onlar hələ uzun illər yaşayacaqlar. Biz isə bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq, qürurla yaşayacağıq. Öz gələcəyimizi özümüz quracağıq, azad edilmiş torpaqları bərpa edəcəyik. Şəhidlərimizin xatirəsini daim qəlbimizdə yaşadacağıq”.
“Rusiyanın forpostu olan Ermənistanın müstəqil dövlət olmaması həm Azərbaycan, həm də Gürcüstan üçün fəsadlar yaradır”
AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor, siyasi şərhçi Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, Prezidentin son çıxışında dediyi kimi, Ermənistan müstəqil dövlət deyil və heç zaman da müstəqil olmayıb: “Ermənistan bir forpost olaraq qalır və “müstəqil” olduğu qeyd edilsə də, qətiyyən müstəqil dövlət deyil. Bir ölkənin ki strateji obyektləri, dəmir yolu və sair Rusiyanın mülkiyyətində olsun, sərhədlərini rus əsgərləri qorusun, bu halda o necə müstəqil dövlət kimi xarakterizə edilə bilər? Ermənistnın daxili və xarici siyasəti də tam olaraq Rusiyadan asılıdır və bu ölkəni müstəqil dövlət adlandırmaq olmaz. Ermənistanın müstəqil dövlət ola, müstəqil siyasət apara bilməməsinin tarixi kökləri və səbəbləri var. Çünki Qafqazda ən qədim dövlətlər Azərbaycan dövlətləri olub. Azərbaycanın 5 min illik dövlətçilik tarixində Cənubi Qafqazda yaranan bütün dövlətlər Azərbaycan dövlətləri hesab olunur. Düzdü, burada gürcülərin də knyazlıqları, dövlətləri olub, lakin ermənilər Qafqaza gəlmə toplum olduğundan, onların burada dövlətləri olmayıb. Dövləti, vətəni olmayan bir toplum olaraq erməniləri bizim bölgəyə köçürən Rusiya hər zaman ermənilərdən başqa xalqlara qarşı istifadə edib. 1917-ci ilin fevralında Romanovlar sülaləsi yıxılandan sonra müvəqqəti hökümət vaxtı burada Zaqafqaziya Komissarlığı yarandı və üç xalqın nümayədəsi müvəqqəti hökumətin parlament seçkilərində iştirak etdi, komissarlığın ardınca isə Zaqafqaziya Seymi yarandı. Zaqafqaziya Seymi 1918-ci ilin 26 may tarixində dağıldı və öz tarixi əraziləri olduğu üçün gürcülər, onların ardınca azərbaycanlılar özlərini müstəqil elan etdilər. Çünki hər ikisinin konkret tarixi əraziləri vardı. Ermənilərin isə heç bir ərazisi yox idi, buna görə də, Azərbaycanı məcbur etdilər ki, İrəvanı onlara güzəştə getsin”.
M.Zülfüqarlı hesab edir ki, Azərbaycan ərazilərində Rusiya və bəzi Qərb dövlətlərinin dəstəyi ilə Ermənistan adlı bir qurumun yaradılması təsadüfi olmayıb. M.Zülfüqarlının sözlərinə görə, Rusiya Ermənistandan hər zaman Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edib. Onun sözlərinə görə, 1988-ci ildə Qarabağ probleminin yaradılması da əslində bununla bağlıdır. “SSRİ dağılandan sonra Rusiya kimi Ermənistan da öz müstəqilliyini elan etsə də, amma Rusiyanın forpostu olaraq qalır. Ermənistanın Rusiyanın forpostu kimi saxlanması Azərbaycanın zəiflədilməsinə xidmət edən amillərdən biridir. Biz indi açıq görürük ki, Rusiya öz əlaltısı, forpostu olan Ermənistana öz tərkibindəki əyalətlərdən aşağı münasibət bəsləyir. Azərbaycan isə müstəqil, balanslaşdılmış siyasət yeridir, güclü orduya, güclü iqtisadiyyata malik bir dövlət olaraq özünü dünyaya tanıdır, torpaqlarını işğaldan azad etməklə öz gücünü bütün dünyaya göstərdi. O sübüt etdi ki, Cənubi Qafqazda yeganə müstəqil siyasət yürüdən ölkədir. Gürcüstan müstəqil siyasət yürütmək, Qərbə inteqrasiya etmək istəyir, amma Rusiya ona mane olur, ərazilərini işğal edib, ona Cənubi Osetiya və Abxaziya problemi yaradıb, Gürcüstan öz torpaqlarını işğaldan azad edə bilmir. Rusiyanın Gürcüstanın ərazilərini işğal etməsində ermənilərin də fəaliyyəti olub. Rusiyanın forpostu olan Ermənistanın müstəqil dövlət olmaması həm Azərbaycan, həm də Gürcüstan üçün fəsadlar yaradır. Üçtərəfli bəyanatın bütün bəndlərinin şərtləri Ermənistan tərəfindən pozulur. Rus sülhməramlılarının bizim bölgədə yerləşməsinə baxmayaraq, Rusiya Ermənistanın bizə qarşı hər cür təxribat törətməsinə şərait yaradır və erməni terrorundan bizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Ermənistan əhalisi, erməni siyasiləri öz gələcəklərini fikirləşsələr, bu forpostluqdan, asılılıqdan xilas olmağa çalışarlar”-deyə professor Zülfüqarlı qeyd etdi.
İradə SARIYEVA