“İkinci Qarabağ müharibəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün biz daha fəal olmalıyıq”. Bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə deyib.
Dövlət başçısının sözlərinə görə, bu gün müharibədən keçən aylar ərzində şəhid ailələri, Qarabağ qaziləri ilə görüşlər əsnasında tam başqa ab-hava hökm sürür: “Əgər əvvəlki illərdə biz hər zaman şəhidlərimizin xatirəsini yad edərək özümüzə söz verirdik ki, onların qisasını alacağıq, bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq. Bu gün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir. Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindən biri idi, bu gün də bu belədir. Ancaq bununla paralel olaraq, İkinci Qarabağ müharibəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün biz daha fəal olmalıyıq. Eyni zamanda, gənclərimizin tərbiyə işində də mütləq bu mövzu ön planda olmalıdır. Çünki İkinci Qarabağ müharibəsindəki, Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir”.
Bütün bu deyilənlərin fonunda maraqlıdır, İkinci Qarabağ müharibəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün nələr nəzərdə tutulur? Bununla bağlı nələr edilməlidir?
“Müəyyən dairələr ölkəmizin yaratdığı reallıqla barışmaq istəmir”
Məsələyə münasibət bildirən Demokratik Jurnalistlər Liqasının rəhbəri, media eksperti Yadigar Məmmədlinin fikrincə, bu o deməkdir ki, təkcə ərazilərimizi işğaldan azad etməklə iş bitmir: “Əvvəla, 44 günlük Vətən müharibəsi çox böyük tarixi zəfər idi. Qələbə həm bütövlükdə ölkəmizi dəyişdi, həm də ölkə insanını dəyişdi. Prezident demək istəyir ki, ordumuzun gücü ilə ərazilərin işğaldan azad edilməsi ilə məsələ bitmir. Baxmayaraq ki, BMT-nin Qarabağla bağlı 4 qətnaməsi var, bir sıra digər beynəlxalq qurumların qətnamələri var idi. Ancaq onlar ərazilərin işğaldan azad edilməsi ilə bağlı heç nə etmədilər. Azərbaycan öz gücü hesabına ərazilərini azad etdi. Beynəlxalq hüquq bizim tərəfimizdə olsa da, Azərbaycana təzyiq edirlər. Status məsələsini yenidən gündəmə gətirməyə çalışırlar. ATƏT-in Minsk Qrupunu yenidən prosesə qoşmaq istəyirlər. Ona görə də biz bütün bunları təqib etməliyik. Azərbaycan həqiqətlərini dünya mediasınsa üstün səvityyədə təqdim etməliyik. Rusiya, Avropa və digər ölkələrin mətbuatında bütün bunları yaymalıyıq. Bu bizim üzərimizə düşən vacib missiyadır. Ona görə ki, müəyyən dairələr məsələni başqa cür təqdim edirlər. Müəyyən dairələr Azərbaycanın yaratdığı reallıqla barışmaq istəmirlər. Medianın üzərinə düşən iş odur ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırsın”.
Media eksperti hesab edir ki, biz daima bu işləri diqqət mərkəzində saxlamalıyıq.
Vidadi ORDAHALLI