Ermənistan ombudsmanı Arman Tatoyan bildirib ki, Azərbaycan hərbçiləri Gorus-Qafan yolunu yenidən bağlayıblar. Onun sözlərinə görə, bu vəziyyət Zəngəzurun “Davud bəy” kəndi yaxınlığında yaranıb. Tonayan bildirib ki, məsələyə rus sərhədçiləri müdaxilə edəndən sonra yol açılıb.
Ombudsman bildirib ki, yaranmış vəziyyətlə bağlı bütün beynəlxalq təşkilatlara müraciətlər edib. Onun sözlərinə görə, bütün bu addımlar insan haqlarına ziddir. Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan hərbçilərinin Qafan-Gorus avtomobil yolunun deyilən kənd ərazisində olan hissəsini bağladığını bildirib. Ermənistan baş naziri Nikol Paşinyan parlament iclasında çıxışı zamanı Azərbaycan qüvvələri tərəfindən Qafan-Qorus yolunun bağlanmasını şərh edib. Paşinyanın sözlərinə görə, Azərbaycan tərəfi yolu sovet Ermənistanı xəritələrinə əsasən Ermənistan ərazisindən xaric olan hissələrdə kəsib və bunun səbəbi kimi ötən gecə ermənilər tərəfindən Azərbaycan sərhədçilərinə hücum edildiyi deyilir.
Ermənistandan səslənən bu bəyanatları nə dərəcədə real saymaq olar?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə bildirdi ki, əslində Ermənistan rəsmiləri bu cür məlumatları yaymaqla öz cinayətlərini ört-basdır etməyə çalışırlar: “Təxribat Ermənistan tərəfdən törədilib. Belə ki, 25 avqust tarixində saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb. Bildirilib ki, digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermənistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaçıblar.
Əsgər R.Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilib, hazırda həyatı üçün təhlükə yoxdur. Qeyd edək ki, Qafan-Gorus yolunun həmin hissəsi Azərbaycan ərazisindədir və İkinci Qarabağ müharibəsindən sonra sovet dövründə çəkilən sərhədlərə əsasən Azərbaycan qoşunları bu ərazidə yerləşdirilib. Azərbaycan və Ermənistan sərhədlərini demarkasiya etməyib”.
Ekspertin sözlərinə görə, Ermənistan tərəfi hansısa ərazisinin blokadaya düşməyini istəmirsə təxribatlardan əl çəkməlidir: “Sərhədin müəyyənləşməsinə maneçilik törətməməlidir. Bundan əlavə, Azərbaycan hər hansı bir sənəddə Ermənistan qarşısında həmin yolla bağlı öhdəlik götürməyib. Üçtərəfli bəyanatda Zəngəzur dəhlizindən söz gedir ki, bu da Ermənistanın öhdəliyidir. Gorus-Qafan yolu olan ərazi SSRİ dövründə də Azərbaycanın ərazisi olub. Əgər Ermənistan başqa dövlətin ərazisindən keçən yolu öz vətəndaşlarının təhlükəsizliyi üçün risq hesab edirsə, müəyyən vəsait ayıraraq, alternativ bir yol çəkə bilər. Bütün məsuliyyəti Azərbaycan tərəfinin üzərinə yıxmaq Ermənistandakı bəzi qüvvələrin təxribat cəhdinə hesablanıb. Görülən işlər barədə bu şəkildə məlumat yaymaq informasiya təxribatı kimi beynəlxalq təşkilatların diqqətini çəkməyə, onları Azərbaycana qarşı qoymağa yönəlib".
Məhəmmədəli QƏRİBLİ