Məlum olduğu kimi, Türkiyə öz hərbçilərini Əfqanıstandan çıxarmağa başlayıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında sözügedən addımın mövcud vəziyyət və şərtlər qiymətləndirildikdən sonra atıldığı qeyd edilir: “Türk Silahlı Qüvvələri onlara həvalə edilən bu vəzifəni uğurla yerinə yetirmənin qüruru ilə Vətənə qayıdır. Digər ölkələrin əsgərləri ilə Həmid Kərzayi hava limanındakı qarışıqlığa müdaxilə edildi və aeroportda təhlükəsizlik təmin olundu. Bu müddətdə hərbi təyyarələrimizlə 1 129 mülki şəxs təxliyə edilib”.
Məlumat üçün qeyd edək ki, Türkiyə Əfqanıstandakı Beynəlxalq Təhlükəsizlik üzrə Yardım Qüvvələrində (İSAF) xidmət göstərən əsgərlərini 2002-ci ilin iyununda bu ölkəyə göndərib. 1400 əsgərdən ibarət Türkiyə hərbi birliyi içində Kabil aerodromunu qoruyan hava qüvvələri personalı da var idi. “Taliban” 15 avqustda paytaxt Kabili də ələ keçirdikdən sonra Əfqanıstandakı diplomatik missiya nümayəndələri, xarici əsgər və yerli vətəndaşların buradan ayrılması sürətlənib. Ancaq ilk dövrlərdə Türkiyənin də öz qüvvələrini Əfqanıstandan çıxaracağı ilə bağlı məlumatlar yox idi. Üstəlik, “Taliban” təmsilçiləri Türkiyə ilə əməkdaşlıq edəcəkləri barədə mesajlar verirdilər. O baxımdan Türkiyənin məlum qərarı bir qədər gözlənilməz oldu.
Bütün hallarda maraqlıdır, Türkiyə öz hərbçilərini Əfqanıstandan niyə çıxardı?
“Hər halda, Türkiyənin atdığı addımı doğru hesab edirəm”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, bunun müxtəlif səbəbləri ola bilər: “Görünür, Əfqanıstanın böyük hissəsinə nəzarəti ələ keçirən “Taliban” ölkədə hansısa xarici ölkəyə məxsus hərbçilərin olmasını istəmir. Zatən Türkiyə həbçiləri geniş tərkibdə bütün Əfqanıstanda təmsil olunmurdular. Türkiyə hərbçiləri Kabildə və əsasən də hava limanının qorunmasında iştirak edirdilər. “Taliban” avqustun 15-dən Kabilə nəzarəti öz əlinə alıb. Diqqəti çəkən məqam odur ki, onların Kabili və digər məntəqələri ələ keçirmələri sürətlə baş verdi. Hansısa müqavimətlə üzləşmədilər. Hər halda, Türkiyənin atdığı addımı doğru hesab edirəm. Çünki Əfqanıstan çox mürəkkəb bir vəziyyətdədir. Qarşı tərəfin mövqeyini nəzərə almadan orada hərbi birləşmələri saxlamaq ciddi fəsadlara yol aça bilərdi. Bununla bağlı çoxsaylı misallar çəkmək olar. Digər tərəfdən, Türkiyənin oranı tərk etməsi o demək deyil ki, Əfqanıstandakı yeni hökumətlə əməkdaşlıq etməyəcək. Qətiyyən bu cür düşünmürəm. Türkiyəyə hər zaman ehtiyac duyulacaq və müxtəlif sahələrdə əməkdaşlıq genişlənəcək”.
Hərbi ekspert onu da qeyd etdi ki, Türkiyənin Mərkəzi Asiyada nüfuzu böyükdür.
Vidadi ORDAHALLI