Rusiya müdafiə naziri Sergey Şoyqu Əfqanıstanda “Taliban”ın əlində külli miqdarda silah qaldığını bildirib. Şoyqunun sözlərinə görə, əsas təhlükə, “Taliban”ın əlində çox böyük miqdarda silahın olmasıdır. Onun sözlərinə görə, "Taliban" yüzlərlə artilleriya barelinə və zirehli texnikaya, habelə təyyarə və helikopterlərə sahib olub.
Rusiya müdafiə naziri qeyd edib ki, Əfqanıstanda yüzdən çox ZENİT raket sistemi qalıb. Şoyqu başqa bir təhlükənin narkotik alveri olduğunu da söyləyib, çünki dünya heroininin 93% -i Əfqanıstandan gətirilir: "Alyansın ora gəlişi ilə buna bir növ nəzarət olacağını gözləyirdik, amma əkin sahələri yüz qat artdı". Göründüyü kimi, Şoyqu “Talıban” la bağlı ciddi təhlükənin meydana çıxdığını nəzərə çatdırır. Bu təhlükənin Azərbaycana nə kimi aidiyyəti var?
Hərbi-siyasi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “Taliban” bütün strukturu dağıdılmış Ermənistan kimi bir başıpozuq silahlı quruma sahibdir: “Hazırda onların əlinə külli miqdarda silah-sürsat keçib. Nəzərə almalıyıq ki, həmin silahların böyük əksəriyyəti çox müasirdi. Belə bir qurumun əlində müasir silahların cəmləşməsi region üçün ciddi təhdid yaradır. Amma mənim fikirimcə bu problemə münasibət özünü Türkiyəyə ilə gələcək əlaqələr kontekstində qiymətləndirilə bilər. Türkiyəyə olan təsirlərin bizə birbaşa aidiyyəti var. Bizi daha çox “Taliban”ın Türkiyə ilə münasibətini hansı səviyyədə qurması düşündürməlidir. Rusiya kimi dövlətin müdafiə naziri səviyyəsində narahatlıq ifadə etməsi məsələnin ciddiliyindən xəbər verir. Türkiyə ilə “Taliban”ın münasibəti, onların Azərbaycanla münasibətinin gələcəyini şərtləndirə bilər. Türkiyə dövləti “Taliban”la normal münasibət quracağına inanıram. Belə olacağı təqdirdə, “Taliban”ən xaotik addımları belə bizim üçün təhlükəsiz ötüşəcək. Hazırda silah onu itelektual cəhətdən idarə edə bilməyənlərin əlində cəmləşib. Rusiyanın narahatlığının əsası var. Çünki onunla müttəfiq olan KTMT ölkələri Əfqanıstana birbaşa sərhəddi. Əfqanıstanın daxilində çoxlu sayda özbək, taciq yaşayır. Bu millətlərin qurduğu müstəqil dövlətlər öz soydaşları ilə bağlı yaşananlara biganə qala bilməz. Bundan əlavə, Rusiyanın daxilində çox böyük sayda müsəlman toplumu yaşayır. Rusiyanı narahat edən amillərdən biri də budur. Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Əfqanıstanın daxili işlərinə qarışmayacağını və silahlı qüvvələrini "hamının hamıya qarşı olduğu konfliktə" cəlb etməyəcəyini bildirmişdi. Ancaq hadisələrin gedişi göstərir ki, Əfqanıstanda daxili vəziyyət vətəndaş müharibəsi səviyyəsinə kimi gedib çıxa bilər və Rusiya hansısa formada konfliktə cəlb edilmək təhlükəsilə üzləşər. Azərbaycan Əfqanıstanla sərhəddən uzaqdır. Üstəlik də Pakistan amili var. Pakistan Talibanı ilk tanıyan ölkə olub. Həmin dövlətlə bizim çox yaxın münasibətimiz var. Bu baxımdan Azərbaycan üçün ciddi narahatlığı olmayacağı qənaətindəyəm”.
Məhəmmədəli QƏRİBLİ