01/12/2020 19:14
728 x 90

ADA və Azərbaycan XİN Afrika diplomatları üçün onlayn konfrans keçirdi

img

ADA Universiteti və Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi (Agentlik), AIDA tərəfindən inkişaf etməkdə olan ölkələrdə insan kapitalının inkişafına dəstək məqsədilə bir sıra Afrika ölkələrinin diplomatları üçün onlayn formatda təşkil edilən “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı” adlı ixtisasartırma kursu başa çatdı.

Benin, Burkina Faso, Cibuti, Ekvatorial Qvineya, Kamerun, Qambiya, Qana, Qvineya, Madaqaskar, Mavritaniya, Misir və Nigerdən olan diplomatların iştirak etdiyi proqramda dünya siyasəti, beynəlxalq hüquq və təşkilatlar, iqtisadi və enerji məsələləri, ictimai diplomatiya, liderliyin inkişafı və azərbaycanşünaslıq (Azərbaycanın tarixi, geosiyasəti, enerji diplomatiyası, nəqliyyat-tranzit infrastrukturu, mədəniyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və s.) kimi mövzuları əhatə edən mühazirələr və işçi seminarlar təşkil edildi. Belə ki, proqram çərçivəsində əcnəbi diplomatlar Azərbaycan Respublikasının Milli Məclisi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluğu, Dövlət Neft Şirkəti, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı nümayəndələrinin, eləcə də ADA Universitetinin peşəkar müəllim heyətinin mühazirələrində iştirak etdilər. 

Proqramın cari ilin 16 oktyabr tarixində baş tutmuş bağlanış mərasimində iştirakçılara Dağlıq Qarabağ münaqişəsində mövcud vəziyyət, Ermənistanın mülki əhaliyə qarşı törətdiyi son təxribatlar, davam edən informasiya müharibəsi və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizə barədə ətraflı məlumat verildi.

İxtisasartırma kursunu başa vuran diplomatlar proqram haqqında müsbət təəssüratlarını bölüşərək, Azərbaycanı yaxından tanımaqdan xüsusi məmnun olduqlarını və burada əldə etdikləri bilik, bacarıq və təcrübənin onların gələcək fəaliyyəti üçün faydalı olacağını vurğuladılar.

Hazırladı: Namiq QULİYEV

Son xəbərlər