03/12/2020 20:47
728 x 90

Ordumuzun haqq missiyası...

img

Azərbaycan Ordusu haqqın, ədalətin Ordusudur. Onun uğurlu əks-hücum əməliyyatları işğal olunmuş ərazilərimizin bir hissəsini artıq düşmən tapdağından azad edib. Və igid əsgərlərimiz bu torpaqları azad edərkən düşmənin nə qədər texnikasını məhv edib və hərbi qənimət kimi götürmüşdür.

20 oktyabrda xalqa müraciət edən ölkə başçısı düşməndən götürülmüş hərbi texnika haqqında müfəssəl məlumat vermişdir. Düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb.

Mən cənab Prezidentin 27 sentyabırdan bu günə dək xalqa etdiyi müraciətləri birər-birər oxuyur,  çox diqqətlə söylədiyi fikirləri təhlil edir, hər dəfə Ali Baş Komandanımıza olan məhəbbətim, hörmətim birə-beş artır, məhz belə bir yenilməz sərkərdəmiz olduğundan qürur duyur, fərəhlənirəm. Hamımız yaxşı görürük ki, haqq yolunda vuruşan Azərbaycan Ordusu tam üstünlüyə malikdir. Ermənistan ordusu hələ nə qədər gec deyil bu həqiqəti qəbul etməli və bəyanat verməlidir ki, işğal edilmiş torpaqları azad edir.

Uzun illər ərzində etnik terrora məruz qalmış Azərbaycan xalqı bu gün öz haqqını bərpa edir. Ancaq, düşmən ordusu azərbaycanlılara qarşı etnik təmizləmə aparmış, azərbaycanlılara qarşı soyqırımı törətmiş, vətəndaşlarımızı doğma torpaqdan didərgin salmışdır.

Dinc mülki əhaliyə qarşı atəşin açılması namərdlikdir və hərbi cinayətdir. Namərd zərbələr nəticəsində dinc əhali, o cümlədən uşaqlar, qadınlar və qocalar həlak olur. Bütün dünya düşmənlərimizin mənfur və vəhşi simasını artıq görür. İşğaldan azad edilmiş torpaqlarda bir dənə də salamat bina qalmayıb.

Gecə vaxtı, qəsdən Gəncədə mülki əhaliyə qarşı törədilmiş cinayət erməni faşizmin iç üzünü bir daha göstərir. Cinayətkar və dünyaya yalan danışan Ermənistanın siyasi hakimiyyəti öz dövlətçiliyinin sonunu yaxınlaşdırır.

Xalqa müraciətində cənab Prezidentimiz böyük fərəhlə məlumat verdi: 20 oktyabr tarixində Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib. O cümlədən: Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri; Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng (Çinarlı) kəndləri; Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunublar.

Bu o deməkdir ki, İşğaldan azad olunmuş torpaqlara həyat qayıdacaqdır. Azərbaycan xalqı öz torpaqlarında yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır. Dağıdılmış bütün məscidlərimiz, şəhərlərimiz və kəndlərimiz bərpa ediləcəkdir.

Azərbaycan dövləti əlindən gələni edir ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıtsın, rahat və əmin-amanlıq şəraitində yaşasın.

Və müraciətinin sonunda Ali Baş Komandanın fikirləri bir daha hər bir azərbaycanlını, hər bir gənci inandırdı ki, qələbə çox yaxındadır. Hər birimizin ürəyimizdə abidəsini ucaltdığımız Prezidentimizin xalqa müraciətdəki son sözləri isə həmişəlik qəlbimizə həkk olundu.

Əziz xalqım, əziz zəngilanlılar, füzulililər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!

Qarabağ Bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!

Elgün ƏZİZOV
“Yevlax Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru

Son xəbərlər