25/11/2020 06:07
728 x 90

Məhv edilmiş hərbi texnikaların sayı Ermənistanın Avropada Adi silahlar üzrə Cenevrə Sazişini kobudcasına pozduğunu təsdiqləyir – Prezident Əliyevdən yeni ittiham faktı…

Elçin Mirzəbəyli: “Ermənistanın dişinədək silahlanmasına görə bu işğalçı ölkənin siyasi rəhbərliyi ilə yanaşı...”

img

“Düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Amma yenə də hələ ki, tanklar var, həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində. Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələni tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər? Bax, biz deyirik 241 tank məhv edilib. Biz sonra onların nümayişini təşkil edəcəyik. 39 tank saz vəziyyətdə götürülüb və bu gün bizim əsgərlərimiz o tanklarda oturub düşmənə onların öz tankları ilə atəş açırlar”.

 

Bunu Prezident İlham Əliyev xalqa növbəti müraciətində deyib. Dövlət başçısı düşmənin məhv edilən digər texnikalarının da siyahısını açıqlayıb.

 

Məlum olur ki, silahlanma ilə bağlı Ermənistan bütün beynəlxalq hüquq normalarını pozub. SSRİ dağılandan sonra hər bir ölkənin əhali sayına görə silahlanma limiti müəyyən edildi. Həmin qərara görə, Ermənistan 220 tanka malik olmalı idi. Savaşın ilk 20 günü ərzində təkcə vurulan və ələ keçirilən tankların sayı 280-ni keçib. Bu say ATƏT-in 1992-ci il Helsinki toplantısında Ermənistan üçün müəyyən edilmiş limitdən çoxdur. Helsinkidə qəbul edilmiş kvotaya görə, Ermənistan ordusu 220 tank, 300 PDM, BTR və 70 min şəxsi heyətə malik olmalıdır. “Avropada adi silahların məhdudlaşdırlması haqqında” Vyana müqaviləsinə imza atan Ermənistan Helsinkidə qəbul etdiyi öhdəlikləri pozaraq, silahlanmaya davam edib. Ermənistandakı faktiki hərbi texnika və silah sistemləri “Adi silahların məhdudlaşdırılması haqqında” Vyana Konvensiyasının müəyyənləşdirdiyi kvotadan dəfələrlə çoxdur.

Açıq-aydın görünür ki, Ermənistan silahlanma ilə bağlı bütün öhdəlikləri pozub. O zaman niyə beynəlxalq konvensiyalar işləmir və Ermənistana bununla bağlı xəbərdarlıq edilmir?

  • “Düşmənin sıradan çıxarılan hərbi texnikasının sayı belə ən müxtəlif araşdırma mərkəzlərinin hesabatlarında yer alan sayı xeyli üstələyir”

Sözügedən məsələni şərh edən politoloq Elçin Mirzəbəylinin fikrincə, bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılan hərbi texnikasının sayı belə ən müxtəlif araşdırma mərkəzlərinin hesabatlarında yer alan sayı xeyli üstələyir: “ATƏT-in 1990-cı ildə Parisdə keçirilən sammitində adi silahlar üzərində nəzarətin həyata keçirilməsini nəzərdə tutan 2 əsas sənəd qəbul edilib. Bunlardan biri Avropada Adi silahlar haqqında Cinah Sazişi, digəri isə etimadın və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı danışıqlar üçün hüquqi prosedurları və çərçivələri nəzərdə tutan Vyana Sənədidir. Avropada Adi silahlar haqqında Cinah Sazişinə əsasən, Ermənistan üçün 220 tank, 220 döyüş maşını və s. müəyyənləşdirilib. Prezident İlham Əliyev xalqa sonuncu müraciətində Azərbaycan Ordusunun sıradan çıxardığı və qənimət götürdüyü tankların sayını açıqladı və qeyd etdi ki, indiyədək düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb. Yəni toplam 280 tank, Ermənistan üçün müəyyənləşdirilən kvota isə, qeyd etdiyim kimi, 220-dir. Bütün bunlar məhv edilən və qənimət götürülənlərdir. Hazırda Ermənistan ordusunun sıradan çıxarılmayan, yaxud çıxarılacaq tanklarının sayı nə qədərdir? Nə üçün ATƏT Ermənistandan Avropada Adi silahlar haqqında Cinah Sazişinin tələblərinə əməl etməsini tələb etməyib. Axı bu illər ərzində sazişə əməl olunması ilə bağlı ATƏT-in göndərdiyi mütəxəssislər Ermənistanın hərbi potensialını da təftiş ediblər. Onların arasında ən müxtəlif ölkələri – Yunanıstan, Fransa, Almaniya, Belçika, ABŞ və digər ölkələrin ATƏT tərəfindən görəvləndirilmiş təmsilçiləri olub. Ermənistanın 1992-ci ildə imzaladığı sazişin tələblərinə əməl etməsi hansı səbəblərdən bu işğalçı ölkədən tələb olunmayıb? Suallar çoxdur. Bu illər ərzində Ermənistanın dişinədək silahlanmasına görə bu işğalçı ölkənin siyasi rəhbərliyi ilə yanaşı, ATƏT də, digər beynəlxalq təşkilatlar da, həmçinin, işğalçını silahlandıran, yaxud silahlanmasına göz yuman ölkələr də məsuliyyət daşıyırlar”.

Politoloq hesab edir ki, ikili standartlar üzündən Ermənistanın beynəlxalq qanunları pozmasına biganə yanaşılır.

Vidadi ORDAHALLI

Son xəbərlər