01/12/2020 04:12
728 x 90

Netanyahunun müşavirindən Ermənistana net mesaj – sizi ən çox silahlandıran İsrail yox, Rusiyadır...

Seyid Camal Əzimbəyli: “Ermənilər elə bilirdilər ki, 90-cı illərdə olduğu kimi, dünya ictimaiyyətini aldada biləcəklər”

img

Məlum olduğu kimi, İsrail Ali Məhkəməsi Azərbaycana silah satışına qadağa qoyulması vəsatətini təmin etməyib. Bu isə son zamanlar onsuz da gərgin olan Ermənistan-İsrail münasibətlərini daha da mürəkkəbləşdirib.

 

Əsasən ermənipərəst mövqeyilə seçilən Rusiya telekanallarından biri olan “Dojd” bu mövzuyla bağlı İsrailin Baş naziri Benyamin Netanyahunun müşaviri Ariel Qoldşteynin mövqeyini öyrənib. Telekanalın münaqişədə İsrailin iştirakı və guya qanunsuz şəkildə Azərbaycanı dəstəkləməsi, ona silah satması ilə bağlı mövqeyini sərt tənqid edən A.Qoldşteyn bildirib ki, bu barədə səsləndirilən tənqid və ittihamlar yersiz və əsassızdır. Baş nazirin müşaviri qeyd edib ki, İsrail heç də Azərbaycana ən çox silah satan ölkə deyil: “İsrail Məhkəməsinin qərarı ilə razılaşmaya bilmərəm. İsrail silah satışı məsələsinə mənim tanıdığım bir çox ölkə ilə müqayisədə daha çox məsuliyyətlə və həssaslıqla yanaşır. Bir arqumenti xüsusi qeyd edim ki, İsrail Azərbaycana ən çox silah satan ölkə deyil. Ən çox silah satan Rusiyadır. Buna baxmayaraq, münaqişə tərəflərindən biri Ermənistan məhz İsraili münaqişəyə cəlb etmək istəyir, ancaq Rusiya barədə nədənsə susur”.

Daha sonra aparıcının “İran Ermənistanı müdafiə etdiyi üçün, deməli İsrail də Azərbaycanı müdafiə edir” iddiasına cavab verən müşavir qeyd edib ki, bu yanaşma da qətiyyən doğru deyil: “Heç kim İranın İsrailə olan nifrətini dünyadakı digər münaqişələrə keçirmək fikrində deyil. Mən həm azərbaycanlılara, həm də ermənilərə arzu edirəm ki, onlar döyüşmək əvəzinə, öz ölkələrini inkişaf etdirsinlər. Ancaq təəccüblüdür ki, İsrail bu münaqişənin iştirakçısı olmadığı halda, ona cəlb edilməsinə cəhd olunur və tanınmamış “DQR” rəhbəri İsraili guya ermənilərin hansısa genosidində iştirak etməkdə günahlandırır. Bağışlayın, bu, hər şeyi baş-ayaq çevirmək cəhdindən başqa bir şey deyil”.

Göründüyü kimi, İsrail rəsmisi tutarlı arqumentlərlə erməniləri yerindəcə susdurub. Bu isə onu göstərir ki, qarşı tərəf öz çirkin oyunları ilə İsrail-Azərbaycan əlaqələrini zədələyə bilməz.

  • “Onların Rusiyanı ittiham etməyə cəsarəti çatmır”

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Netanyahunun müşaviri məlum cavabı ilə ermənilərə sərt zərbə vurmuş oldu: “Məlum olduğu kimi, Azərbaycan-İsrail əməkdaşlığından Ermənistan hər zaman narahat olub. Buna mane olmaq üçün müxtəlif təxribatlara əl atıblar. Bu il Ermənistanın İsraildə səfirliyi fəaliyyətə başladı. Bu heç də ermənilərin yəhudi dövlətinə olan sevgisindən irəli gəlmir, İsrailin Azərbaycanla olan yaxın əlaqələrinin pozulmasına hesablanmış addımdır. Ancaq bütün bunlar fiaskoya məhkumdur. Döyüşlər başlayandan sonra Ermənistan İsraildəki səfirini geri çağırdı. Ermənilərin Rusiyanı ittiham etməyə cəsarəti çatmır. Ermənilər elə bilirdilər ki, 90-cı illərdə olduğu kimi, dünya ictimaiyyətini aldada biləcəklər. Bu minvalla, Azərbaycanı gözdən salacaqlarına ümid edirdilər. Ancaq bütün bunlar baş vermədi və ermənilərin gözləntiləri özünü doğrultmadı”.

Şərqşünasın fikrincə, şanlı ordumuz tarix yazdıqca, ermənilərin bütün çirkin niyyətləri puç olacaq.

Vidadi ORDAHALLI

Son xəbərlər