Ermənistanın hərbi-siyasi rəhbərliyi nəinki öz ölkəsinin ictimaiyyətinə, eləcə də beynəlxalq ictimaiyyətə yalan danışmaqla məşğuldur. Hətta onlar ciddi tarixi fakt və həqiqətləri də özlərinə sərf edən şəkildə bəzəyib-düzəyib təqdim edirlər. Bir sözlə, yalançılığa, saxtakarlığa öyrəniblər.
Prezident İlham Əliyev indiyə qədər bütün beynəlxalq platformalardakı çıxışlarında, yerli və xarici KİV-ə verdiyi müsahibələrdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin yalanlarını ifşa edib.
Prezident İlham Əliyev “CNN International”ın efirində Ermənistan Prezidentinin yalanlarını alt-üst etdi. Erməni yalanlarını növbəti dəfə ifşa etməklə beynəlxalq ictimaiyyətin diqqətinə bir çox tarixi həqiqəti çatdırdı, ermənilərin Dağlıq Qarabağa neçə köçürüldüyünü açıqladı.
“Mən təəssüf edirəm ki, belə mühüm vəzifə tutan şəxs (Ermənistan Prezidenti – red.) yalanlar yayır. İnternetə baxın, XIX əsrin əvvəlində Azərbaycanın Qarabağ xanı ilə rus generalı arasında imzalanmış Kürəkçay sülh müqaviləsinə baxın. Orada erməni əhalisi haqqında heç bir şey deyilmir”.
Prezident İlham Əliyev “CNN International” televiziyasına müsahibəsində Ermənistan Prezidentinin bu telekanala söylədiyi yalanlar, feyk məlumatlar barədə daha sonra bildirib: “Ermənilər bizim torpağımıza Rus-İran müharibələrindən sonra Rusiya imperiyası tərəfindən regionun dini tərkibini dəyişdirmək məqsədilə köçürülüb. Bu, tarixi faktdır. Ermənistan Prezidentinin dedikləri isə tamamilə feykdir.
İnternetə baxın, sənədlərə baxın. Siz kimin doğru danışdığını və kimin yalan danışdığını görəcəksiniz”.
“Prezident İlham Əliyev çox haqlıdır və öz məntiqli, tutarlı cavabı ilə Armen Sarkisyanın kökündən yanlış olan feyk məlumatını alt-üst etdi”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli baki-xeber.com-a bildirdi ki, Prezident İlham Əliyevin “CNN International” televiziyasına müsahibəsini diqqətlə izləyib və müsahibə zamanı CNN-nin müxbirinin təhrikedici və həqiqəti ifadə etməyən, bir çox halda Azərbaycanın əleyhinə yönəlik suallarının şahidi olub. “Müxbir dedi ki, Armen Sarkisyan deyir ki, “ermənilər IV əsrdən burada yaşayırlar, Dağlıq Qarabağ onların qədim torpağıdır”. Buna cavab olaraq cənab Prezident Kürəkçay müqaviləsini xatırlatdı və müxbirə həmin müqavilə ilə tanış olmağı tövsiyə etdi.
Armen Sarkisyan niyə CNN müxbirinə IV əsrdən bəhs edib və ona ermənilərin burada “qədimdən” yaşadığına dair feyk məlumat verib? Bilirik ki, IV əsrdə Azərbaycan ərazisində xristianlıq geniş şəkildə yayılmağa başladı. Bu da onunla bağlı idi ki, artıq III əsrdə Parfiya devrildikdən və Sasanilər hakimiyyətə gəldikdən sonra Parfiya dövründəki müstəqil çarlıqlar, o cümlədən də Albaniya xristianlıq dinini qəbul ediblər. Parfiya dövlətinə daxil olan və xristianlığı qəbul edən Ərməniyyə çarlığının indiki ermənilərə və Ermənistana heç bir dəxli yoxdur. Ərməniyyəni idarə edənlər də, Ərməniyyə əhalisi də türklərdən ibarət idi. Xüsusilə də Ərməniyyədə, Albaniyada və indiki Gürcüstan ərazisində olan çarlıqlarda yalnız və yalnız parfiyalı sülalələr idi. Parflar da türk mənşəli sülalə idi. Əhalinin də böyük əksəriyyəti türklərdən ibarət idi. Dediyimiz kimi, III əsrin sonu, IV əsrin əvvəllərində onların xeyli bir qismi xristianlığı qəbul edib. O dövrdə xristianlığı qəbul edən Ərməniyyənin indiki haylarla heç bir əlaqəsi yoxdur. Birmənalı olaraq, Ermənistan Prezidenti Armen Sarkisyan tarixi saxtalaşdırır, özlərini bizim torpaqlara yamaq edir. Ona görə də cənab Prezident dedi ki, haylar-ermənilər XIX əsrin əvvəllərində Qafqaza, bizim torpaqlara gəliblər. Prezident tamamilə haqlıdır. Doğrudan da XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Rusiya və Qacarlar (İran) arasında müharibə baş verdi. 1813-cü ildə bağlanan Gülüstan, 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra hayların Cənubi Qafqaza yerləşdirilməsi prosesi baş verib. O dövrdə Şimali Azərbaycanda, bildiyimiz kimi, Azərbaycan xanlıqları, sultanlıqları - Qarabağ, Gəncə, İrəvan, Şəki, Quba, Bakı, Naxçıvan, Qazax, Şəmsəddin, İlisu sultanlığı vardı. Bizimlə qonşuluqda isə Kartli-Kaxetiya çarlığı mövcud olub, o dövrdə bu bölgədə hayların heç bir nişanəsi yox idi.
Cənab Prezidentin qeyd etdiyi Kürəkçay müqaviləsinə gəlincə, Kürəkçay müqaviləsi 1805-ci ildə Qarabağ xanlığı ilə (daha sonra isə Şəki xanlığı ilə) Çar Rusiyası arasında bağlanıb, burada haylar haqqında heç bir bənd, fikir yoxdur. Həmin müqavilənin bəndlərində də söhbət ancaq ondan gedir ki, Qarabağ xanlığı, sonra isə Şəki xanlığı müəyyən şərtlər daxilində Çar Rusiyasının himayədarlığını qəbul edirlər. Orada müəyyən şərtlər var ki, bunun müqabilində də Çar Rusiyası Qarabağ xanlığını qorumalı, kənar qüvvələrdən müdafiə etməlidir, eyni zamanda da Qarabağ xanlığının idarəçiliyi nəsildən-nəslə ötürülməlidir. Yəni müqavilədə bu kimi məsələlər vardı. Ölkə başçısı düzgün vurğuladı ki, Kürəkçay müqaviləsində olan bəndlərin heç birində haylardan söhbət getmir, burada onların adları belə çəkilmir”.
F.Ələkbərli qeyd etdi ki, o dövrdə Qarabağ xanlığında xristian dininə tapınan qıpçaq-türklər yaşayırdılar. Bunların IV əsrdə xristianlığı qəbul edən və islamiyyət dövründə dinini dəyişməyən türklər olduğunu deyən F.Ələkbərlinin sözlərinə görə, Qarabağdakı xristianların haylarla heç bir genetik əlaqəsi, bağı olmayıb. “Ona görə də Kürəkçay müqaviləsi Çar Rusiyası və Qarabağ xanlığı arasında bağlanan dövrdə burada heç ermənilərin-hayların varlığı yox idi. Prezident Sarkisyanın yalanlarını konkret faktlarla ifşa etdi və bu faktlarla ermənilərin Dağlıq Qarabağa nə zaman köçürüldüyünü açıq şəkildə ortaya qoydu”.
F.Ələkbərli bildirdi ki, Kürəkçay müqaviləsi bağlandıqdan bir neçə il sonra hayların İrandan-Qacarlardan, Osmanlıdan, o dövrdə Osmanlının ərazisi olan Livandan, Suriyadan və başqa yerlərdən Cənubi Qafqaza, o cümlədən də tarixi Azərbaycan torpaqlarına - Dağlıq Qarabağa, İrəvana, Naxçıvana və digər bölgələrə köçürülməsi və yerləşdirilməsi baş verib. “Bu bir faktdır. Sovetlər dönəmində də ermənilər bizim torpaqlara köçürülməsinin 150 illiyi ilə bağlı bir abidə qoymuşdular. Amma bu abidəni özləri məhv ediblər. Hayların bu torpaqlarda yerləşdirilməsi Rusiya və Qacarlar arasında bağlanan iki müqavilədən sonra baş verib, haylar bizim torpaqlarımızda yerləşdirilib. Ona görə də hayların bu torpaqlarda varlığı yalnız XIX əsrin əvvələrində baş verib. Prezident İlham Əliyev çox haqlıdır və öz məntiqli, tutarlı cavabı ilə Armen Sarkisyanın kökündən yanlış olan feyk məlumatını alt-üst etdi. Sarkisyan da, Paşinyan da tarixi saxtalaşdırırlar. Aydın məsələdir ki, onlar burada yaşamış xristian türklərin və digər xristianların abidələrini mənimsəyib, özlərini bu yerlərdə “qədimləşdirməyə” çalışırlar. Halbuki, hayların bura nə zaman gəldiyini cənab Prezident bir neçə dəfə deyib, yenə də qeyd edib, biz tarixçilər bunu dəfələrlə yazmışıq” - deyə bildirən F.Ələkbərli nəzərə çatdırdı ki, Paşinyan və Sarkisyan tarixi saxtalaşdırmaqdan başqa bir şey bacarmırlar.
İradə SARIYEVA