Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.
Sənəddə bildirilir ki, Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın razılaşmalarına uyğun olaraq, tərəflər aşağıdakı addımların atılmasını razılaşdırıb:
“1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;
2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər”.
Əldə olunmuş Moskva razılaşması Qarabağ münaqişəsinin həlli üçün hansı perspektivlər aça bilər?
“Fransa təcili şəkildə ATƏT-in Minsk Qrupundan kənarlaşdırılmalıdır”
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, beynəlxalq hüquqda humanitar atəşkəsin izahı var : “Bu, qısa müddətə humanitar məqsədlər üçün elan olunmuş atəşkəsdir. 13 gün ərzində müharibədə nəyə qadir olduğumuzu Ermənistan da, dünya da gördü. Amma müharibənin öz qanunları var, düşmənin cəsədləri ortada qalmamalı və ortalığın təmizlənməsi üçün imkan verməliyik. Əlbəttə, humanitar atəşkəs Ermənistan və havadarlarına silah daşınması və terroristlərin Dağlıq Qarabağa yerləşdirilməsi üçün bir şansdır, bunu da anlayırıq. Bu halların izlənməsi və önlənməsi üçün addımlar atacayıq. İyul müharibəsindən sonra biz Ermənistanın silah tədarük etdiyinin şahidi olduq. Bir şeyə tam əmin olaq, ermənilər bizim torpaqlardan ya özləri çıxacaq, ya da biz bu günlərdəki kimi, onları qovacayıq. Digər bir məqam ATƏT-in Minsk Qrupunun tərkibi haqqında bənddir. Mən şəxsən qəti əminəm ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi qala bilməz. Hərbi əməliyyatların ilk günlərində Fransa Prezidenti Makronun islamçı-cihad sərsəmləməsindən sonra bu mümkün deyil. Bu fikirlər rəsmi İrəvanın təbliğat tezisidir. Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi münaqişə tərəfinin tezislərindən istifadə etməsi onun tərəf olmasının ifşası idi. Fransa təcili şəkildə ATƏT-in Minsk Qrupundan kənarlaşdırılmalıdır. Əminəm ki, biz öz tələblərimizdə israrlı olaraq qalırıq. Torpaqlarımız tam azad olunmalıdır”.
“Ermənistan tələblərimizi yerinə yetirməsə, yenə hərbi yolla onları qovmalı olacağıq”
İctimai-Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli qəzetimizə bildirdi ki, Moskva razılaşması ilə bağlı yanlış təsəvvür yaratmağa çalışanlar var: “Bir qədər soyuqqanlı yanaşmalıyıq. Əldə edilən razılaşma heç də o anlama gəlmir ki, biz müharibəni tam dayandırmışıq. Bizim şərtlərimiz aydındır, bunu bəyan etmişik. Bu 13 gün ərzində biz işğal altında olan ərazilərimizin bir qismini hərbi yolla azad etdik. Ermənistan atəşkəs istəyirsə, bir çıxış yolu var, yerdə qalan əraziləri sakit şəkildə boşaltmalıdır. Bizim bu tələbimiz öz qüvvəsində qalmaqdadır. Moskvadakı razılaşmada Ermənistanın çalışdığı format dəyişikliyi baş verməyib. Qondarma qurumun adı bir yerdə də olsun hallanmayıb. Bundan əlavə, danışıqların baza prinsiplərinə uyğun şəkildə, əvvəlki formatda aparılması razılaşmada öz əksini tapıb. Halbuki, bir müddət əvvəl Paşinyan bu prinsipləri qəbul etmədiyini deyirdi. İstənilən halda, əldə olunan razılaşma humanitar xarakterlidir və tərəf kimi bizim üzərimizə hansısa məcburi öhdəliyi qoymur. Proseslərin gedişini izləyəcəyik. Ermənistan tələblərimizi yerinə yetirməsə, yenə hərbi yolla onları qovmalı olacağıq”.
“İrəvan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayana qədər lokal döyüşlər davam edə bilər”
Politoloq Elşən Mustafayev qəzetimizə bildirdi ki, biz sülh tərəfdarı olduğumuzu, münaqişənin sülh yolu ilə həllinin vacibliyini dəfələrlə vurğulamışıq: “Ancaq bu 30 il ərzində bu təşəbbüslər, vasitəçilik missiyaları heç bir səmərə verməyib. Üstəlik, Ermənistan rəhbərliyi bizimlə hədə dilində danışmağa başladı. Hətta yeni əraziləri zəbt edə biləcəklərinin anonsunu verdilər. Məhz buna görə də Azərbaycan Ordusunun işğalçı Ermənistana təzyiq etməkdən başqa alternativi qalmadı. İki həftə davam edən aktiv əməliyyatlar Azərbaycanı üstün mövqeyə sahibləndirdi. Bir sıra əraziləri işğaldan azad etdik. Onlara başa saldıq ki, ərazini işğal edib, orada sakit oturmaq mümkün deyil. Ermənistan ordusunun Dağlıq Qarabağ ətrafındakı postları yenə bizim hədəfimiz altındadır. Ermənistanın siyasi dairələri və cəmiyyəti anlamalıdır ki, İrəvan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayana qədər lokal döyüşlər davam edə bilər və bu döyüşlərin daha genişmiqyaslı toqquşmalara gətirib çıxaracağı istisna deyil. Moskvada əldə olunan razılaşmadan arxayınlaşıb, əvvəlki qaydada özlərini aparmasınlar. Beynəlxalq aləm də bilməlidir ki, Ermənistanın ordu birləşmələri Dağlıq Qarabağ ətrafındakı bölgələrdən çıxmayana qədər öz üzərində Azərbaycan Ordusunun təzyiqini hiss edəcəklər. Söhbət tam atəşkəs deyil, humanitar atəşkəsdən gedir”.
Humanitar atəşkəsin davam edəcəyi müddətdə Ermənistan üzərinə götürdüyü öhdəlikləri sakitçiliklə həll etməlidir. Əks təqdirdə yenidən atəşkəs yalvarışlarına başlamalı olacaq.
Məhəmmədəli QƏRİBLİ