Azərbaycan Ordusu tərəfindən ardıcıl zərbələr alan və hərbi texnikası tamamilə məhv olmuş Ermənistan müxtəlif yollarla silah-sursat bazarına çıxmaq və yeni silah almaq üçün yollar axtarır. Bir müddət əvvəl mediada Ermənistanın sabiq prezidenti R.Koçaryanın Dağlıq Qarabağa səfərdən sonra silah təchizatı ilə bağlı məsələləri həll etməyə çalışdığı barədə məluamtlar getmişdi.
Son məlumatlara görə, artıq humanitar yardım adı altında, qaçaqmalçılıq yolu ilə, mülki təyyarələrlə əsasən Rusiyadan Ermənistana silah-sursat daşınmasına başlanıb. Rusiyanın rəsmi orqanlarının bu prosesdə iştirakını təsdiq edən hər hansı məlumat yoxdur. Silahların daşınması prosesində əsas iştirakçılar kimi Ermənistanın müdafiə naziri David Tonoyan, beynəlxalq silah qaçaqmalçısı kimi tanınan David Qalustyan və iş adamı Samvel Karapetyan çıxış edirlər.
Ermənistanda “boz biznesmen” kimi tanınan David Qalustyan baş nazir Nikol Paşinyanın və onun ailə üzvlərinin də iştirak etdiyi böyük silah qaçaqmalçılığı sövdələşməsində ad çıxarmışdı. Burada söhbət Ermənistanın KTMT çərçivəsində güzəştli qiymətlərlə əldə etdiyi silahların üçüncü ölkəyə baha qiymətə satışından gedirdi. Məhz bu fırıldağa görə Qalstyan Rusiyadan qovulmuşdu.
Həmçinin, Ermənistana silahların daşınması məsələsində oktyabrın 3-də Rusiyaya səfər edən baş nazirin müavini Mqer Qriqoryanın və oktyabrın 4-də həmin ölkədə olan Ermənistan xarici işlər nazirinin müavini Şavaş Koçayanın da yaxından iştirak etmələrinə dair məlumatlar var. Hazırda “Atlantic Airways” şirkətinin Ermənistana uçuşlarının bərpa edilməsi, Ermənistandan Rusiyanın Mineralnıye Vodı şəhərinə reyslərin açılması silahların daşınması üçün imkanları daha da genişləndirirb.
Bütün bunlar Ermənistan tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinin, həmçinin, Beynəlxalq Mülki Aviasiya Konvensiyasının (Çikaqo Konvensiyası) kobud şəkildə pozulması deməkdir.
Əldə olunan məlumatlara görə, hazırda Ermənistana daşınan silah-sursat “İqla” daşınan zenit-raket kompleksləri, “Kornet” daşınan tank əleyhinə raket kompleksləri, “Smerç” daşınan reaktiv yaylım atəşi sistemləri və s. ibarətdir. Təbii ki, Rusiyanın rəsmi hakimiyyət orqanlarının bu məsələ ilə maraqlanmasına və müvafiq tədbir görməsinə ehtiyac var. Unudulmamalıdır ki, bu ölkələrdən silah qaçaqmalçılığı hazırda Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini raket atəşinə tutduğu və insan tələfatlarının olduğu bir dövrdə baş verir. Həmçinin, silah qaçaqmalçılığı üçün ərazisi istifadə oluna biləcək, Azərbaycana siyasi dəstək ifadə edən İranın və öz ərazisindən silah daşınmasına yol verməyəcəyini bəyan etmiş Gürcüstanın da ayıq-sayıq olması lazımdır. Ermənistanın qanunsuz yollarla silah tədarükü ilə bağlı beynəlxalq qurumlar və vasitəçilik missiyası təklif edən ölkələr hansı addımları atmalıdırlar?
Hərbi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan dövlət olaraq daim beynəlxalq silah qaçaqmalçılığı ilə məşğul olub: “Bunu faktlarla qeyd edə bilərəm. Ermənistan ordusundan başqa, Qarabağ ərazisində olan muzdlu yaraqlıların istifadə etdiyi çoxlu sayda silah və hərbi texnika var. Həmin silahların Qarabağdakı separatçıların arsenalına daxil edilməsi qanunsuz silah tranziti anlamına gəlir. Beynəlxalq silah satılması prosesi BMT-nin xüsusi reyestri tərəfindən izlənilir. BMT tərəfindən tanınmayan hər hansı bir qurum nə silah sata bilər, nə də silah əldə edə bilər? Silah satınalmasında hərbi texnikanı alan tərəf istehsalçıya son istifadəçi sənədini təqdim edir. Bu sənəd BMT-yə üzv olan dövlətin rəsmi qurumlarının imzası ilə təqdim edilir. Dövlət və dövlət qurumu olmayan təşkilat heç bir halda silah əldə edə bilməz. Buradan belə bir qənaətə gəlmək olar ki, Ermənistan öz adına silahı əldə edib, sonra onu heç kimin tanımadığı separatçılara ötürür. Bu, birmənalı şəkildə, silah qaçaqmalçılığı hesab edilir. Mülki təyyarələrdə hərbi təyinatlı məhsulların daşınması da beynəlxaql konvensiyalarla qadağan olunur. BMT mütləq məsələyə reaksiya verməlidir. Cinayətkar sövdələşmədə olan adamlar və şirkətlərin hamısı məsuliyyətə cəlb edilməli, onlar barəsində beynəlxalq axtarış elan olunmalıdır”.
Ermənistanın qanunsuz üsullarla silah tədarükü ilə bağlı faktlar dünyanın bütün əlaqədar qurumlarına göndərilməlidir ki, bununla bağlı ciddi tədbirlər görülsün.
Məhəmmədəli QƏRİBLİ