Humanitar atəşkəsin elan olunması üçün beynəlxalq təşkilatlardan çağırışlar edilirdi. Trend-in məlumatına görə, bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, Rusiya Prezidentinin təşəbbüsü əsasında Moskvada Xarici İşlər nazirlərinin görüşü nəticəsində humanitar atəşkəs elan olundu: "Burada əsas məqsəd humanitar atəşkəsin təmin olunmasıdır. Ancaq buna baxmayaraq, ermənilər təxribatları davam etdirirlər".
C.Bayramov deyib ki, Ermənistan danışıqlar prosesinin dəyişməz olduğunu qəbul etməyə məcbur oldu.
Onun sözlərinə görə, Moskvada qəbul olunmuş bəyanatda Azərbaycanın üstünlüyü aydın görünür: "Həmin bəyanatda Ermənistan danışıqlar prosesinin dəyişməz olduğunu qəbul etdi. Ermənistan iddia edirdi ki, qondarma rejim danışıqlar prosesinə cəlb olunsun. Ancaq qəbul olunan bəyanatda Ermənistan danışıqlar prosesinin dəyişməz olduğunu qəbul etməyə məcbur oldu".