Fransa Prezidenti Emmanuel Makronun İslamı hədəf alan bəyanatı bu ölkədə diniayrıseçkiliyə rəvac verərək radikal sağçı qrupları müsəlmanlara qarşı fəallaşdırıb. Paytaxt Parisin də daxil olduğu İl-de-Frans bölgəsinin Regional Şurasının sədri Valeri Peçress bütün ölkə üzrə ictimai nəqliyyatda istifadə olunan gediş kartlarında hicablı fotolara qadağa qoyulmasını tələb edib. Obu barədə Fransanın Daxili İşlər nazirinə xüsusi məktub yazıb. V.Peçress artıq bu qadağanı rəhbəri olduğu İl-de-Frans bölgəsində tətbiq etməyə başlayıb.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron ötən həftə "İslam radikalizmi ilə mübarizə" adı altında xalqa müraciətində İslam dinini hədəfə alan sözlər söyləyib. Makron bu gün İslamın dünyanın hər yerində böhran yaşayan bir din olduğunu qeyd edib.
“Makronun Fransada hicab qadağası ilə bağlı fikri elə həmin ölkədə narazılığa səbəb olub”
Fransa Prezidentininİslam dini ənənələrinə müharibə elan etməsi, hicablı fotoların qadağan olunması barədə fikir bildirən millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar Fransa rəhbərliyinin İslama qarşı qeyri-adekvat fikir bildirməsi təəssüf doğurur: “Fransa dünya mədəniyyətinə və ədəbiyyatına böyük töhfə vermis ölkədir. Bu gün Fransa İslam dünyası ilə sıx bağlıdır. Məlumdur ki, Fransanın nüfuzlu İslam ölkələri ilə münasibətləri var. Həmçinin, Fransa əhalisinin müəyyən bir hissəsi müsəlman kökənlidir. Belə olduğu halda, Fransa Prezidentinin dünyanın aparıcı dinlərindən olan İslama qarşı sərt münasibət sərgiləməsi qəbuledilməzdir”.
Millət vəkili hesab edir ki, E.Makronun Fransada hicab qadağası ilə bağlı fikri elə həmin ölkədə narazılığa səbəb olub. Fransa cəmiyyəti bu qadağanı qəbul etmir.
Günel CƏLİLOVA