Məlum olduğu kimi, sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələr müzakirə edilib. Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar. Verilişin aparıcıları birinci olaraq sualları Prezident İlham Əliyevə ünvanlayıblar.
Prezident İlham Əliyev tutarlı arqumentlərlə Ermənistanın işğalçılıq siyasətini və yalanlarını ifşa edib. O qeyd edib ki, münaqişənin yalnız iki tərəfi var: “Danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var. Bəzən münaqişədən söhbət gedəndə bütün tərəflər haqqında danışırlar. Bu, düzgün anlayış deyil. Bütün tərəflər yoxdur, yalnız iki tərəf var - Ermənistan və Azərbaycan. Lakin son illər ərzində, Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən sonra nələr baş verib? Ermənistanın Baş naziri açıq-aşkar bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Belə olan halda, hansı danışıqlar prosesindən söhbət gedə bilər?”.
Bununla yanaşı, ölkə başçısı aparıcının əməliyyatlarda Türkiyənin iştirakı barədə sualını cavablandırarkən bir sıra məqamlara aydınlıq gətirib: “Türkiyə F-16-sının Ermənistanın SU-25 təyyarəsini vurması barədə bizim məlumatımız yoxdur. O, heç nə ilə təsdiq edilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bilirsiniz ki, bu gün müasir texnologiyaları nəzərə alsaq, nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi bizə aydındır. Əvvəla öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin, belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq”.
Rusiya telekanalnda, böyük efir məkanında Prezident İlham Əliyevin Qarabağ münaqişəsi ilə bağlı verdiyi mühüm məlumatların əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
“Həmin verilişdən sonra aparıcı ekspertlər belə bir ifadə işlətdilər ki, yüksək təhsil, yüksək diplomatik bacarıq və vərdiş özünü göstərir”
Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirovun sözlərinə görə, ölkə başçısının “Rossiya-1” telekanalında yayımlanan fikirləri çox mühüm əhəmiyyətə malikdir: “Sözügedən telekanal nüfuzlu bir televiziyadır. İlk söz Azərbaycan Prezidentinə verildi. Prezident İlham Əliyevin verilən suallara cavabı kifayət qədər mükəmməl, əsaslandırılmış idi. Ən başlıcası, həqiqətlərə söykəndiyindən, çox böyük təsir gücünə malik idi. Prezident İlham Əliyev faktlarla, arqumentlərlə dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, Ermənistan 27 sentyabrda hərbi təxribata əl atdı. Bu vəziyyətdə Azərbaycan əks-həmlə ilə düşmənə sarsıdıcı zərbələr endirməkdədir. Bu provokasiyanın təşəbbüskarı Ermənistandır və ölkə rəhbərliyi buna görə məsuliyyət daşıyır. Bununla yanaşı, ölkə başçısı Rusiya auditoriyasına bəyan etdi ki, münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan. Digər tərəflərdən danışmaq düzgün anlayış deyil. Suallardan biri də Türkiyə F-16-sının Ermənistanın SU-25 təyyarəsini vurması barədə idi. Guya Türkiyə təyyarəsi Ermənistanın hərbi təyyarəsini vurub. Azərbaycan Prezidenti qeyd etdi ki, bu məlumat yalandır və heç bir əsası yoxdur. Tükrkiyə bu prosesdə bizə mənəvi dəstək verib və münaqişənin iştirakçısı deyil. Onu da qeyd edim ki, sözügedən verilişdən sonra Rusiyanın başqa bir dövlət kanalında Vladimir Solovyovun verilişində “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramı təkrar göstərildi. Həmin verilişdə iştirak edən aparıcı ekspertlər və aparıcı da daxil olmaqla belə bir ifadə işlətdilər ki, yüksək təhsil, yüksək diplomatik bacarıq və vərdiş özünü göstərir. Yəni Azərbaycan Prezidentinin suallara mükəmməl cavabı və münaqişə zonasında vəziyyətin dəqiq təhlili hamıya inandırıcı təsir göstərdi. Çünki həqiqətə və reallığa söykənirdi”.
Millət vəkili onu da qeyd etdi ki, Azərbaycan Prezidentinin sözügedən sualları cavablandırması böyük marağa səbəb olub.
Vidadi ORDAHALLI