Məlumdur ki, “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib. Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar.
Sualları cavablandırarkən Paşinyan, guya Türkiyənin Azərbaycana hərbi yardım göstərməsini yenidən xüsusi qabartmağa çalışıb. Lakin Prezident İlham Əliyev Paşinyanın bu xüsusda dediklərini alt-üst edib: “Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır”.
Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı isə qeyd edir ki, Ermənistanın Türkiyə faktorunu önə çəkməsi təxribatdır və konkret məqsədlərə hesablanıb: “Hazırda Dağlıq Qarabağda alovlanan münaqişə bu regional qarşıdurma ilə bağlı Rusiya və Türkiyə arasında mümkün ziddiyyətlərdən danışmağa təkan verib. Ermənistan rəsmiləri gərginlik zonasında Ankaranın birbaşa və dolayı hərbi varlığı barədə açıq danışırlar. Bu ifadələr qondarma “DQR” rəsmilərinin fikirləri ilə gücləndirilir. Buna baxmayaraq, növbəti sərhəd şiddətində “türk barmağı” ilə bağlı tezisin, hələ ki, inandırıcı dəlil bazası yoxdur. “DQR” bildirir ki, Türkiyə münaqişə bölgəsini təkcə ordu ilə deyil, həm də hərbi texnikası ilə doyurur. Qondarma “respublika”nın başçısı Araik Arutyunyan Təhlükəsizlik Şurasının təcili iclasında “DQR” hərbçilərinin Ankaraya məxsus F-16 çoxfunksiyalı döyüş təyyarəsini vurduğunu söyləyib. Onun sözlərinə görə, “respublika”ya qarşı mübarizə aparan Azərbaycan deyil, Türkiyədir. Ermənistan rəhbərliyi də bunu deyir. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 29-da rusiyalı vəzifədaşı Nikolay Patruşevlə telefonla danışdığını, söhbət zamanı İrəvanın son hadisələrə baxışını təqdim etdiyini və “Türkiyənin bölgədəki sabitliyi pozan rolunu vurğuladığını” deyib. Bundan əlavə, Ermənistan Müdafiə Nazirliyi bir F-16 qırıcısının erməni hərbi hava qüvvələrinin Su-25-ini vurduğunu bildirib. Türkiyə iddianı təkzib edib.
Bununla birlikdə, Türk aviasiyasına dair tezis öz təsdiqini tapmır. Türkiyə Cümhuriyyətinin hava qüvvələri bu sahədə “işləyə bilmək” üçün ya bütün Dağlıq Qarabağı vurmalı, ya da olduqca absurd görünən Ermənistan və İran ərazilərindən raket atmalı idilər. Bundan əlavə, “Flightradar24” kimi aviasiya mənbələri Türkiyə aviasiyasının göndərilməsini qeyd etmir. İstifadəsi barədə “DQR”də və İrəvanda bəhs edilən türk pilotsuz təyyarələri “Bayraktar” və “TV2”yə gəlincə, onlar da İsrail istehsalı olan pilotsuz uçan aparatlar (PUA) kimi Azərbaycan rəhbərliyi tərəfindən olduqca rəsmi şəkildə alınıb. Əlbəttə, bu texnikanın “mənşəyi” Türkiyənin birbaşa münaqişəyə qarışmasının sübutu ola bilməz. Türkiyənin xüsusi təyinatlı qüvvə döyüşçülərinin və müxalif “Azad Suriya Ordusu” (ASM) silahlılarının Dağlıq Qarabağa köçürülməsinə dair məlumatlar kifayət qədər spesifik bir “qızışdırıcı” idi. Alovlanan münaqişə çərçivəsində Azərbaycanda onların zəruriliyi şübhə doğurur. İndi Bakı tam hücum xarakterli deyil, əks-hücuma keçməkdədir, bunun üçün silahlı qüvvələrinin ən azı yarısından ibarət bir dəstəni sərhəddə yerləşdirmək lazımdır və əlbəttə, bu qeydə alınmayıb. Bundan əlavə, ASO döyüşçülərinin mövcud sərhəd münaqişəsi ilə əlaqəli bacarıqlarının aktuallığı olduqca şübhəlidir. Bu cür “Suriya ixracatı” yalnız məntiqsiz deyil, həm də sadəcə baha başa gəlir. Erməni mediasının “köçürdüyü” suriyalı yaraqlıların sayı 1,5-lə 4 min nəfər arasında dəyişir, lakin bu, çox böyük bir qrupdur, münaqişə bölgəsinə hərəkəti, həqiqətən baş verərsə, diqqətdən kənarda qala bilməzdi. Məzhəb faktoru da unudulmamalıdır: ASO, görünüşü dərhal Azərbaycanın şiə kəndlərində narazılığa səbəb olacaq sünni yaraqlılardan ibarətdir. Türkiyənin Dağlıq Qarabağdakı varlığı mövzusundan istifadə müəyyən siyasi məqsədlər güdə bilər. Hər şeydən əvvəl bu, Azərbaycan Silahlı Qüvvələrinin təsirli əks-hücumunun Türkiyə amilinə aid edilməsini mümkün edir. Guya Şimali Atlantika İttifaqının üzvü, böyük bir beynəlxalq oyunçu münaqişədə iştirak edirsə, bu bütün sualları aradan qaldırmalıdır. Bundan əlavə, Türkiyənin aktiv hərəkətləri mövzusuna müraciət edən Ermənistan rəhbərliyinin Rusiyanı daha qəti addımlara təhrik etməyə çalışdığı görünür. Moskva isə, bildiyiniz kimi, bitərəf mövqe tutur.
Əslində bu, Suriya və Liviya əməliyyat səhnələri da daxil olmaqla, bir sıra bölgələrdə Rusiya ilə Türkiyə arasında məlum maraq fərqliliyinə əsaslanan bir hesablamadır. Maraqlıdır ki, Ankaranın Moskvadan “qisas almaq” istəyi ilə bağlı hipotezi tez-tez Rusiya ekspert cəmiyyəti də dəstəkləyir. Lakin belə bir versiya Moskvanın ardıcıl mövqeyindən imtina etməsinə gətirib çıxara bilməz: Rusiya Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən işğalı faktını tanıyır, lakin tarazlığı qorumağı və müstəsna vasitəçilik səyləri göstərməyi öz vəzifəsi hesab edir. Bu regional münaqişədə Kreml tərəfləri danışıqlar masasına qaytarmağa sadiqdir. Bundan əlavə, Moskva və Ankara 5 il əvvəl Suriyada vurulan Rusiyanın Su-24 təyyarəsi ilə bağlı hadisənin nəticələrini belə həll edə bilib, onun taleyi Rusiya üçün indiki Dağlıq Qarabağ gərginləşməsindən dəfələrlə vacib idi. İrəvanla ünsiyyət çərçivəsində Moskvanın həm siyasi elitası, həm də ictimai fikri üçün xarakterik olan yalnız antitürk deyil, həm də açıq şəkildə anti-Rusiya hisslərinin körükləndiyi sezilir. Bu baxımdan, Türk mövzusunda möhtəkirlik, ən azı, əks-təsirli görünür”.
Ramil QULİYEV