Təəssüf ki, tək-tük də olsa, cəmiyyətimizdə düşmən ocağına odun atanlara təsadüf edilir. Adını “azərbaycanlı” qoyan bəzi insanlar öz səfeh və mənasız fikirləri ilə ictimaiyyət arasında çaşqınlıq yaratmaq istəsələr də, əksinə, ölkə ictimaiyyəti tərəfindən nifrətlə qarşılanırlar.
Belələrindən biri də özünü “psixoloq” kimi təqdim edən, ermənilərin maraqlarını müdafiə etməkdən çəkinməyən Nərmin Şahmarzadədir. Bu həmin nəsnədir ki, vaxtilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova dil uzatmışdı. Cəmiyyətdə allergiya doğuran bu nəsnə Milli Qəhrəmanı təhqir etdiyinə görə məhkəmə qərarı ilə cəzalandırıldı, bundan dərs götürməyən “psixoloq” indi də sosial şəbəkələrdə başqa tərbiyəsizliklər sərgiləyir.
Sosial şəbəkələrdəki hesabında o, Türkiyəni “işğalçılıq”da ittiham etməkdən çəkinməyib. “İşğalçı türklərin (Osmanlı) Azərbaycanın yanında olaraq işğalçılığa qarşı çıxması da ayrı bir maraqlı nüansdır. Üzr istəyirəm, fəth və işğal fərqli şeylərdir, qarışdırdım” - deyə üzdəniraq “psixoloq” deyib.
Onun müzəffər ordumuzun düşməni darmadağın etdiyi, düşmənin hədəflərini vurub yerlə yeksan etdiyi bu günlərdə Azərbaycana ciddi mənəvi dəstək verən, dayaq duran Türkiyəyə qarşı bu cür cəfəng fikirlər səsləndirməyə, qardaş ölkəni işğalçı Ermənistanla bir səviyyədə təqdim etməyə cəhd göstərməsi sosial şəbəkələrdə ciddi tənqid hədəfinə çevrilib.
Sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti əlaqədar qurumlara üz tutaraq N.Şahmarzadənin hüquq müstəvisində cəzalandırılmasını istəyirlər.
Tanınmış alim Səadət Şıxıyeva bildirir ki, təxribatçı statuslar yazan “psixoloq”a qarşı tədbirlər görülməlidir. O hesab edir ki, bu adam cəzalandırılmasa, təxribatlarını davam etdirəcək.
“Bu adamın sosial şəbəkələrdə qardaş Türkiyəyə qarşı...”
Tanınmış psixoloq, ictimai fəal Könül İsmayılova “Bakı-Xəbər”ə bildirdi ki, bu adam indiyə qədər Azərbaycan xalqını, dövlətini qaralayan davranışlara yol verib və o mütləq şəkildə cəzalandırılmalıdır. “Onun hansı məqsədlərə qulluq etdiyi məlumdur. Onda xalqımıza, dövlətimizə, ümumiyyətlə, Türk dünyasına qarşı patoloji nifrət var. O, bir neçə dəfə sərgilədiyi təxribatçı davranışlara görə cəzalandırılıb. Milli Qəhrəman Mübariz İbrahimovun ruhunu təhqir etdiyi üçün şəhidin anasının şikayəti əsasında Xətai Rayon Məhkəməsi tərəfindən o, 400 saat islah işləri cəzası alıb və küçə süpürməklə cəzalandırılıb. Bu adamın ağlı başına gəlmir. İndi də düşmən təxribatına dəstək verərək qardaş Türkiyəyə qarşı həqiqətə uyğun olmayan ittiham irəli sürüb. Bu adamın sosial şəbəkələrdə qardaş Türkiyəyə qarşı bu cür fikirlər səsləndirməsi qəbuledilməzdir.
Bizim hamımızın fikri döyüşən ordumuzun yanındadır, ordumuzun qazandığı qələbələrin fərəhini yaşayırıq. Onun ermənisayağı mövqe sərgiləməsi ciddi qınaqla qarşılanır. Eyni zamanda da sosial şəbəkə istifadəçiləri, ziyalılar, ictimai fəallar onun bu hərəkətinə hüquqi qiymət verilməsini istəyirlər” - deyə K.İsmayılova vurğuladı.
İradə SARIYEVA