"Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. Son 17 il ərzində ümumdaxili məhsul 3 dəfə artıb. Azərbaycanda yoxsulluq son 17 il ərzində 49 faizdən 5 faizə enib".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyədədir, ümumdaxili məhsulun təqribən 20 faizini təşkil edir: "Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir. Neft ixrac edən dövlətlər arasında ən az xarici dövlət borcu olan Azərbaycandır. Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çoxdur".
“…özünü ən yeni səviyyəyə çıxarıb”
Azərbaycan iqtisadiyyatının inkişafı haqqında danışan iqtisadçı-ekspert Könül Nuriyeva bildirdi ki, Azərbaycan demokratiyanın, insan haqlarının müdafiəsi, iqtisadiyyatın inkişafı tempinə və digər müsbət məsələlərdə dünya praktikasından yararlanmaqla və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməklə özünü ən yeni səviyyəyə çıxarıb. Məhz bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu araşdırma mərkəzləri tərəfindən aparılan tədqiqatlar nəticəsində Azərbaycan xalq və hakimiyyət birliyinə görə dünya dövlətləri arasında ön sıralardadır: “Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən, ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir və son 17 ildə ümumdaxili məhsul üç dəfə artıb”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bütün dünyanı bürüyən koronavirus (COVID 19) pandemiyası başlanan ilk gündən ölkəmizdə pandemiyanın mənfi nəticələrinin qarşısının alınması üçün gərgin mübarizə aparılır.
Günel CƏLİLOVA